23 iyul 2024 22:49
318

Azərbaycanda və regionda baş verən hadisələr obyektiv işıqlandırılmalıdır

20 iyul 2024-cü ildə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilmişdir. Foruma  50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya Agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qrumu qatılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda çıxış etmişdir. Ölkəmizin Başçısı  2-ci Şuşa Qlobal Media Forumunun Ölkəmiz və əlbəttə, Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbir olduğunu qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdir: “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya  elə bir yolla gəlmisiniz ki, Biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir. Baxmayaraq ki, işğal dövründə o, məqsədli şəkildə qəsdən dağıdılmışdır.”

Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyev moderator Rebekka Maklaflin-İsthamın yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusunda “Sizcə, biz nə dərəcədə çətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır?” sualını cavablandırarkən təəssüflə bildirdi ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilibdir. Uzun illər Ermənistan və Azərbaycan arasında olan münaqişə zamanı Azərbaycan haqqında yanlış məlumatlar verilirdi. Ölkəmiz reallıqdan çox uzaq olan bir şəkildə təqdim olunurdu. Azərbaycan 30 il etnik təmizləmənin qurbanı olmasına baxmayaraq, dünyada təcavüzkar kimi təqdim edilirdi, Azərbaycana qarşı sanksiyalar tətbiq olunurdu. O zamanlar ölkəmizin beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanı yox idi. Sizin kimi şəxsləri  Bakıya və bölgələrimizə dəvət etməklə, bizim nə işlər gördüyümüzü və nəyə nail olduğumuzu nümayiş etdiririk.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri