23 iyul 2024 02:25
351

Hərbi təhlükəsizliyimizin güclənməsi naminə...

Azərbaycan beynəlxalq hərbi təlimlərdə iştirak edir və bu təlimlərdə müxtəlif ölkələrlə birgə fəaliyyət göstərir

Azərbaycanda bu proses bir sıra istiqamətlərdə həyata keçirilir. İlk növbədə hərbi qüvvələrin modernləşdirilməsi və təchizatı prioritetdir. Bu məqsədlə müxtəlif ölkələrdən müasir hərbi texnika və silahlar alınır, yerli hərbi sənaye müəssisələri inkişaf etdirilir. Həmçinin hərbi akademiyalarda və xüsusi təlim proqramlarında peşəkar hərbçilərin hazırlanması diqqət mərkəzindədir. Xaricdə təhsil imkanları da genişləndirilir. Müasir hərbi bazalar, təlim mərkəzləri və logistika obyektləri tikilir və yenidən qurulur. Bu, hərbi qüvvələrin çevik və effektiv fəaliyyətini təmin edir. Eyni zamanda, Azərbaycan müdafiə sənayesinin inkişafına böyük investisiyalar yatırır. Yerli müəssisələr tərəfindən müxtəlif növ silah və texnika istehsal edilir. Müasir dövrdə kiber təhlükəsizlik hərbi təhlükəsizliyin ayrılmaz hissəsidir. Bu sahədə də xüsusi tədbirlər görülür və kiber təhlükəsizlik qüvvələri formalaşdırılır. Sərhəd təhlükəsizliyinin gücləndirilməsi də Azərbaycanın hərbi təhlükəsizlik strategiyasının vacib hissəsidir. Sərhəd qoşunlarının təchizatı və təlimləri bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.

Hərbi təhlükəsizliyin möhkəmləndirilməsinin ən önəmli istiqamətlərindən biri də hərbi təlimlər və əməkdaşlıqdır.  Azərbaycan beynəlxalq hərbi təlimlərdə iştirak edir və bu təlimlərdə müxtəlif ölkələrlə birgə fəaliyyət göstərir. Təlimlər Azərbaycan Ordusunun döyüş hazırlığını  yüksək səviyyədə saxlayır. Bu təlimlərdə müxtəlif hərbi senarilərin simulyasiyası, taktiki və strateji bacarıqların inkişafı, müasir döyüş metodlarının öyrənilməsi həyata keçirilir. Təlimlər həmçinin beynəlxalq əməkdaşlığı gücləndirir və təcrübə mübadiləsi üçün imkanlar yaradır. Hərbi təlimlər və əməkdaşlıq Azərbaycanın hərbi gücünün artırılmasında vacib rol oynayır. Məlum olduğu kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər də keçirir. Buna nümunə kimi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsini xatırlada bilərik. İki qardaş ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi artıq ənənə halını alıb. Bundan əlavə, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş-2021” hərbi təlimləri buna sübutdur. Eləcə də, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimini də xatırlamaq olar.

Beynəlxalq əməkdaşlıq çərçivəsində daha bir hərbi təlim isə Qazaxıstanda keçirilib. İyulun 8-dən 17-dək Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə regional beynəlxalq təlimlər baş tutub. Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyatı hazırlayıb və həyata keçirib. Təlimlərə təxminən 4 min hərbi qulluqçu və 700-dək hərbi texnika cəlb olunub.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən “Birləşdik - 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi də keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Birləşdik-2024” beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil edib.

İyulun 17-dək keçirilən təlimdə Azərbaycanı təmsil edən hərbçilər tapşırıqları uğurla yerinə yetiriblər. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da birgə təlimlə əlaqədar Qazaxıstanda səfərdə olub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın hərbi rəhbərliyi Xəzər dənizinin akvatoriyasının Tokmak burnuna gələrək təlimin sonuncu taktiki epizodunu izləyib. Təlim iştirakçıları Xəzər dənizinin sahilyanı sahəsinin akvatoriyasında qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetiriblər. “Birləşdik-2024” təlimində qarşıya qoyulan tapşırıqlar müasir döyüş üsulları nəzərə alınmaqla bütün qoşun növləri üzrə təlimə cəlb edilən şəxsi heyət tərəfindən yüksək peşəkarlıq və dəqiqliklə icra edilib.

Bu tədbirlər kompleks şəkildə Azərbaycanın hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Nigar Orucova, “İki sahil”