23 iyul 2024 02:49
378

Hər şeyin təməlində cəmiyyətin öz məfkurəsi dayanır, bu, çox böyük dəyərdir

Multikulturalizm dünyada və ya hər hansı dövlətdə mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmiş nəzəriyyə, siyasətdir. Onun ən mühüm özəlliyi assimilyasiyaya qarşı olmasıdır. Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı da çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Çoxmədəniyyətlilik ideyasının bu və ya digər cəmiyyətdə davamlı olması üçün ən zəruri amil həmin cəmiyyət üzvləri arasında qarşılıqlı dözümlülük - tolerantlıq hissinin olmasıdır. Bu olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Əgər tolerantlıq bir avropalı üçün hüquqi vəzifəsidirsə, azərbaycanlı üçün mənəvi tələbat və mədəni normadır. Bu gün Azərbaycanı və azərbaycanlıları başqalarından fərqləndirən xüsusiyyət də məhz budur. Azərbaycanlılar tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına uyğun yaşamalarına nəinki mane olmayıblar, hətta öz inanclarına uyğun yaşamalarına şərait yaradıblar. Başqa ifadə ilə desək, azərbaycanlılar hər zaman dini azlıqların himayədarı və mühafizəçisi qismində çıxış ediblər.

Bu ideyanın kökləri qədim tarixə malikdir. Bütün səmavi dinlərdə ideyanın əsaslarını görə bilərik. Azərbaycan da bu sahədə dünya üçün örnək ola biləcək modeldir. Azərbaycan zəngin və mürəkkəb tarixi olan ölkədir. Çoxallahlılıqdan, şamançılıqdan və bütpərəstlikdən tutmuş səmavi dinlərə (Yəhudilik, Xristianlıq, İslam) qədər dünyanın bütün məşhur dinləri burada öz izlərini buraxmışdır. Bunun nəticəsidir ki, çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir milli, dini azlıq buradan başqa bir əraziyə köçməmiş və köçürülməmiş, hər bir etnos milli və dini kimliyini qoruyub saxlamışdır. Müxtəlif tarixi dövrlərdə öz torpaqlarında sıxışdırılan bəzi konfessiya nümayəndələri, dini-etnik qruplar Vətənimizə sığınmış və cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilərək, ayinlərini rahat yerinə yetirmək imkanı əldə etmiş, yerli əhali ilə qaynayıb-qarışmışlar.

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumununda jurnalistlərin suallarını cavablandırarkən bildirib: “Çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir - düzgün siyasət, təhsil, tərbiyə, nümunə, davranış nümunəsi. Biz bərpa prosesində bir çox məscidləri bərpa etməli idik. Son illərdə açılışlar zamanı kimlər çıxış edirdi, şeyxülislam, arxiyepiskop Aleksandr ata və yəhudi icmasının rəhbəri cənab Milix və yaxud da ondan sonrakı icma rəhbəri. Mən adətən Azərbaycanın bütün bölgələrindən dini icmaların rəhbərlərini toplayırdım. Onların hamısı gəlirdi, Gəncədən İmamzadənin, yaxud da Şamaxı məscidinin nümayəndəsi, Azərbaycanın müxtəlif bölgələrindən, onlar gəlib müsəlmanların, katoliklərin, pravoslavların və yəhudilərin rəhbərlərinin məsciddə çıxış etməsinin şahidi olurlar. Onlar bu ismarışları özləri ilə öz ərazilərinə, öz yerlərinə aparır və bunu paylaşırlar. Bu, yalnız bir epizoddur, lakin bunların sayı çoxdur”.

Respublikamızda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakı şəhərində “Qızılı kilsə” kimi tanınan “Aleksandr Nevski” kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir. 1907-ci ildə H.Z.Tağıyev tərəfindən tikdirilən Rus Pravoslav Kilsəsinin Jen Mironosets Baş Kafedral kilsəsi təxminən 100 ildən sonra müsəlman iş adamı Aydın Qurbanovun maliyyə dəstəyi ilə bərpa olunmuşdur. Çar Rusiyasının Şimali Azərbaycan ərazilərinə sahib olması ilə xalqın ənənəsinə zidd olan yabançı dəyərlər təbliğ edilməyə, sırınmağa başlanmışdı. İşğalçılar öz müstəmləkəçiliyini bu torpaqlarda hökmran etmək üçün etnik-dini qarşıdurma yaratmaq siyasəti aparırdılar. Çarizm müsəlmanların dini birliyinin qorunması əvəzinə, məzhəb fərqini şişirtməklə sünni-şiə başçılarını bir-birinə qarşı qoymuşdu. Azərbaycan ziyalıları isə iki məzhəb arasında qızışdırılan ixtilafların qarşısını almağa nail olmuşlar.

İslamdan gələn dözümlülük Azərbaycan xalqının etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla çuğlaşaraq daha rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə çevrilmişdir. İslam Azərbaycan xalqının ondan öncəki dinlər və müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti məhv etməmiş, əksinə, onu daha da zənginləşdirmişdir (Şəkidəki Kiş məbədi, XVIII əsrdə Bakıda atəşpərəstlər tərəfindən tikilmiş Atəşgah məbədi).

Şübhəsiz ki, bütün bu sadaladığımız dəyərlər yalnız düşünülmüş dövlət siyasəti nəticəsində daha da möhkəmlənə bilərdi. Məhz Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur. Yeni tarixi şəraitdə Azərbaycanın qarşılaşdığı böhranlardan çıxaraq özünə güvənməsi üçün ümumi bir konsepsiyaya ehtiyac var idi. Bu ideologiya həm milli adət-ənənələrə və dini-mənəvi dəyərlərə söykənməli, həm də ölkəmizin çağdaş dünyaya qovuşmasını təmin etməli idi. Ona görə də Ulu Öndər Heydər Əliyev ölkənin dinə və dindarlara münasibətini düzgün və sağlam müstəvidə həll etməyə başladı, dəfələrlə din xadimləri (yəhudi, xristian, müsəlman) ilə görüşlər keçirdi. Ulu Öndər bu barədə çıxışlarının birində qeyd edirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki bunların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Məhz Onun dövründə dinlərarası dialoqla bağlı bir çox beynəlxalq tədbirlər baş tutmuş, multikultural siyasət özünün pik həddinə çatmışdır.

Ümummilli Liderin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin irsi yaşadır. Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün yüksək səviyyədə, ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Azərbaycan dövləti formalaşmış din siyasətini təkcə daxildə həyata keçirməklə kifayətlənmir. Belə ki, bu gün Azərbaycan özünün tolerantlıq fəlsəfəsini dünyaya ixrac etməyi hədəfləmişdir. Bu sahədə hökumət multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində çoxsaylı tədbirlərə - beynəlxalq və regional konfranslar, forumlara ev sahibliyi edir.

Bir sözlə, tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində nümunəvi bir dövlətdir. Ölkəmiz dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur. Prezident İlham Əliyevin fikirləri bunu deməyə əsas verir: “Hər şeyin təməlində cəmiyyətin öz məfkurəsi dayanır, bu, çox böyük dəyərdir. Elə bir dəyərdir ki, onu qucaqlamaq istəyirsən, öpmək istəyirsən və Tanrıya təşəkkürünü ifadə etmək istəyirsən ki, bunu sənə nəsib edib və biz bunu qorumalıyıq. Bizim hüququmuz yoxdur ki, bunu qorumayaq və biz cəmiyyət olaraq, hökumət olaraq bunu qoruyuruq, yaşadırıq”.

Sevinc Azadi, “İki sahil”