22 iyul 2024 11:14
294

İxracın yarıdan çoxu Avropaya gedir

Cari ilin iyul ayının 18-də Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masa təşkil edilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu tədbirdə çıxış edib. Məlum olduğu kimi tədbirin əsas mövzusu enerji sahəsində strateji tərəfdaşlıq və bu sahədəki hədəflər olmuşdur.

Hamıya məlum olduğu kimi Azərbaycanın "Odlar yurdu" "Od ölkəsi"adlandırılmasının kökləri tarixin minillik qatlarına qədər uzanıb gedən və hər zaman adımızı, ünvanımızı bütün dünyaya tanıdan əsas təbii sərvətlərimiz olmuşdur.

"Dünya səndən işıq alır" deyən söz sahiblərimizin fikri və düşüncəsi hər zaman bizi dünya ölkələrindən fərqləndirmiş, əsas maraq və diqqət mərkəzinə çevrilməyimizin başlıca səbəbi olmuşdur.

Həm yeraltı, həm də yerüstü təbii sərvətlərlə zəngin olan Azərbaycan daim bu sərvətini dünya ölkələri ilə paylaşmış, öz işıq və istiliyindən dünyanın çox yerlərinə nur çiləmişdir. İstər neft, istərsə də qaz istehlak sahəsində əsaslı, önəmli və təməlli addımlar məhz ümummilli liderimiz Heydər Əliyevin zamanından başlamış, hazırki dövrümüzdə isə möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı və nəzarəti ilə davam etdirilməkdədir.

Belə ki, qeyd olduğu kimi iyulun 18-də İlham Əliyev Oksfordda təşkil edilmiş dəyirmi masada tərəfdaşlıq etdiyimiz Avropa ölkələrinə qaz təchizatının ikiqat artırılmasını hədəflədiyini və bu uğurda çalışdığımızı diqqətə çatdırmışdır.    Yəni, 2021-ci ildə  Avropa qitəsinə 8 milyard kubmetr qaz təchiz olunurdusa, 2027-ci ilin sonunda bu 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr  idisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq deyən Prezident ixracın yarıdan çoxunun məhz Avropaya getdiyini xüsusilə vurğulamışdır.

Avropa İttifaqının üzvü olan beş ölkə: İtaliya, Bolqarıstan, Yunanıstan, Macarıstan və Ruminiya, eləcə də namizəd olan üç ölkə-Türkiyə, Gürcüstan və Serbiya Azərbaycanın əsas qaz ixrac etdiyi səkkiz ölkədir. Bu imkanların getdikcə daha da genişlənməsi nəzərdə tutulur. Cənab Prezidentin qeyd etdiyi kimi ən qısa zamanda Sloveniya, sonra isə diğər Avropa ölkələrinə də ixracın olacağı və daha çox Avropa ölkəsinin Azərbaycan qazı ilə təchiz olunacağı əsas hədəfdir.

Əbəs yerə Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatıçısı adlandırmayıb. Belə ki, bu çox böyük məsuliyyətdir və biz bu işin öhdəsindən gəlmək üçün əlbəttə əlimizdən gələni edəcək, hədəfimizə çatacağıq deyən möhtərəm Prezidentimiz öz qətiyyətli fikrini bəyan etmişdir.

Bəli, artıq uzun illərdir ki, dünyanın işığı olan Odlar yurdu-Azərbaycanımız, cənab Prezidentimizin rəhbərliyi ilə ən yüksək səviyyədə öz hədəfinə və məqsədinə çatacaqdır.

Elməddin Quliyev,
Humanitar fənlər təmayüllü məktəb-lisey tarix müəllimi,
“Tərəqqi” medalı, “İlin müəllimi”,
YAP Xətai rayon təşkilatının üzvü