22 iyul 2024 10:33
307

Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır

Demokratik ruhlu, milli qayəli Azərbaycan mətbuatı yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirib. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 149 ildə çətin, lakin şərəfli yol keçib. Müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, bütün çətinliklərə dözüb, öz yolundan dönməyib, daim həqiqətin carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.  Belə bir şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. 
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir.  Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, azad söz və mətbuat da cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur, bu sahənin qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində mühüm addımlar atılır. 
Özünəməxsus inkişaf yolu keçən, xalqın maariflənməsində, dünyagörüşünün formalaşmasında, kamilləşməsində misilsiz rol oynayan Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri bu gün özünü daha qabarıq şəkildə büruzə verir. Belə ki, cəmiyyətin intellektual səviyyəsi yüksəldikcə "dördüncü hakimiyyət" adlandırılan medianın öhdəlikləri də artır, cəmiyyətdə mövcud reallıqlara münasibətin formalaşmasında media nümayəndələrinin qarşısına daha böyük, ciddi tələblər qoyulur. Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Demokratik inkişafı azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü, məsuliyyətli medianın yalnız qanunların işlədiyi ölkələrdə inkişaf etdiyini dönə-dönə vurğulayan ölkə başçısı İlham Əliyev Azərbaycan mətbuatının tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməsi üçün son illərdə bir sıra qanun və sərəncamlar imzalamış, Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" qanun isə Azərbaycan mediasında yeni mərhələnin başlanğıcı olmuşdur. 
Dünyada informasiyanın artdığı, əksər hallarda dezinformasiyaların səhih məlumatları üstələdiyi bir vaxtda Azərbaycan mediası öz nüfuzunu və peşəkarlığını daha da artırdı. İnformasiya cəbhəsində öz mövqeyini möhkəmləndirdi. 44 günlük Vətən müharibəsi həm də media üçün bir sınaq dövrü oldu və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Düşmənin təxribatlarının qarşısı yüksək peşəkarlıqla alındı. Biz 44 günlük Vətən Müharibəsində informasiya cəbhəsində də fəallıq nümayiş etdirdik. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Ermənipərəst mövqedən çıxış edənlər, qərəzli yanaşma sərgiləyənlər də var idi. Bununla belə, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı. Bu mənada Böyük Qələbəmizdə medianın rolunu da xüsusi qeyd etməliyik. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək. Təsadüfi deyil ki, Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını zərərsizləşdirmək istiqamətində səylərin birləşdirilməsinin də təşəbbüskarı Azərbaycandır. Azərbaycan-Türkiyə Ortaq Media Platforması bu baxımdan çox yaxşı nümunədir. Təcrübə göstərdi ki, postmüharibə dövründə də ortaq platforma fəal olmalıdır.

Anar Məmmədov,

VI çağırış Milli Məclisin deputatı