05 iyul 2024 13:23
465

Azərbaycan Prezidentinin Astana sammitində iştirakı ŞƏT-in nüfuzunu daha da gücləndirdi

Azərbaycanın xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq çoxvektorlu olması ilə diqqət çəkir. Bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olan, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqa hazır olan ölkəmizin müstəqil xarici kursuz onun beynəlxalq reytinqinə müsbət təsir göstərir. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara sadəcə qoşulmaqla, sıradan bir üzvü kimi qalmaqla kifayətlənmir, həm də onun güclənməsinə, idarə olunmasına töhfə verir. Daim qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi təcrübəsi, güclü beynəlxalq əlaqələri ölkəmizin qoşulduğu beynəlxalq təşkilatların daha inkişafına səbəb olur. Ölkəmiz  155 ölkənin dəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Dünyanın ikinci ən böyük beynəlxalq qurumu olan Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik Azərbaycana olan etibar və etimadı daha da artırdı. Həmin dövrdə yüksək təşkilatçılıq, nümunəvi və ədalətli idarəçilik, institusional yeniliklər sayəsində bu beynəlxalq təsisat dünyada böyük nüfuza sahib oldu. 

Bu gün Azərbaycanın xarici siyasətində Asiyasi ölkələri, Şərqlə əməkdaşlıq priorotet təşkil edir. Bu mənada ölkəmizin  Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və ona üzv olan dövlətlərlə əməkdaşlığı gücləndirməsi təsadüfi deyil. Dünyanın aparıcı dövlətlərinin üzv olduğu və kifayət qədər nüfuzlu təşkilatı olan  ŞƏT Azərbaycanla  əməkdaşlığa böyük önəm verir. Ölkəmiz  ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. 
ŞƏT-i təsis edən 6 ölkə - Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan ayrı-ayrılıqda Azərbaycanda güclü əlaqələrə malikdirlər. Bu ölkələr daim beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər və daxili məsələlərinə qarışmayıblar. Bu amil təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. Qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi,  iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülhün əldə edilməsi, yeni beynəlxalq siyasi və iqtisadi düzənin yaradılması  ŞƏT üçün xüsusi önəm kəsb edir. Prinsipcə  Azərbaycanda yuxarıda qeyd olunan məsələlərin reallaşmasında maraqlı olan ölkədir. Əlverişli təbii-coğrafi mövqeyimiz,  təşəbbüskarı olduğu nəhəng layihələr Azərbaycana olan marağı artırır. Tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir.
 
Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-in Astanada keçirilən sammitinə dəvət edilməsi ölkəmizə və onun rəhbərinə göstərilən yüksək etimadın ifadəsidir. Artıq ikinci dəfədir ki, ölkəmizin başçısı təşkilatın sammitinə dəvət olunur. Bu, Azərbaycan Prezidentinin şəxsi nüfuzu və irəli sürdüyü təşəbbüslərin regional əməkdaşlıq üçün önəmini göstərir. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə prezidentləri, Çin sədri və Pakistanın Baş naziri ilə görüşlər keçirdi, səmərəli danışıqlar aparıldı. Baş tutan bütün görüşlərdə qarşı tərəflər bir daha Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə etdilər, həmçinin əlaqələrin mövcud və yeni sahələr üzrə inkişafının vacibliyini bildirdilər.  Astanada  Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul olunması çox ciddi siyasi hadisədir. Bu, Çin-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı deməkdir. Bundan başqa, Bəyannamə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə imkanlar yaradacaq.

Sonda qeyd edək ki, Azərbaycanın ŞƏT-ə üzv olması olduqca realdır və gözləniləndir. Coğrafi yaxınlıq, üzv ölkələrlə güclü əlaqələrimizin mövcudluğu deməyə imkan verir ki, ŞƏT-ə gedən yolda ölkəmiz üçün heç bir maneə yoxdur. Əksinə təşkilat özü maraqlıdır ki, onun sıraları genişlənsin. Müşahidələr göstərir ki, ŞƏT-də Azərbaycana böyük maraq var və ölkəmizi bu təşkilatda görmək istəyirlər. 

Cəbi Quliyev,

Milli Məclisin deputatı