05 iyul 2024 11:30
400

Azərbaycan Asiya ölkələri ilə bərabərhüquqlu tərəfdaşlıq münasi­bətlərində yeni mərhələ

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmiz bir sıra beynəlxalq qurumlarla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. İyulun 4-də Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. 

Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf­li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövləti­mizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə­sində nail olunub. 

Dünyanın 16 ölkəsinin dövlət və hökumət başçısının qatıldığı “ŞƏT+” formatlı Astana Sammi­tində düzənlənən növbəti zirvə görüşünə Asi­ya “nəhəng”ləri ilə yanaşı, BMT-nin Baş katibinin şəxsən təşrif buyurması Qərb və Şərq adlandıra biləcə­yimiz güc mərkəzləri arasında gedən qlobal mübarizənin virtual mənzərəsinin əyani nümunəsi idi.

Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında münasibətlərin inkişaf etdirilmə­sinə dair fikir mübadiləsi aparılıb. Həmin görüşlərdə Çin lideri Si Cinpin ilə aparı­lan müzakirələr ayrıca qeyd olunmalı­dır. Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələ­rarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın genişləndirməsində xüsusi yerə malik olacağı şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasi­bətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. 

ŞƏT-in Astana Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında daha çox tranzit, nəqliyyat-logistika məsələlərinə toxundu: “Bu gün Azərbaycanın tranzit, nəqliyyat-logistika sahəsində böyük potensialı var. Son 20 il ərzində 19 min kilometrdən çox avtomobil yolu, 1400 kilometrdən çox dəmiryolu xətti çəkilib. Azərbaycanın hava donanmasında 18 təyyarə, 7 liman mövcuddur. Limanların sayının 9-a çatdırılması nəzərdə tutulur”. Bu çərçivədə əsas hədəf Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırmaqdır.

Bu layihələrdə mühüm halqa olmaq üçün zəruri infrast­rukturu Azərbaycan özü yaratdı. Bu kon­tekstdən yanaşanda Orta dəhlizin tərkib hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolunun Azərbaycan sərmayəsi ilə inşa edildiyini xatırlatmaq kifayətdir. Bakıya xüsusi diqqətin artması həm də planetin ən böyük ekoloji forumunun – COP29-un ölkəmizdə keçirilməsi ilə bağlıdır. Azər­baycanın COP29-a evsahibliyi etməsi onun qlobal səviyyədə siyasət apardığı­nın, nüfuzlu beynəlxalq aktora çevrildiyi­nin göstəricisidir.

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malik olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Anar Məmmədov,

VI çağırış Milli Məclisin deputatı