05 iyul 2024 10:32
355

Bu çıxış da  siyasi arqumentlərdəndir

Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli, çoxtərəfli münasibəti var. Bu münasi­bət­lər həm siyasi, həm də iqtisadi, mədəni əlaqələri əhatə edir. Belə əlaqələr türkdilli dövlətlərlə da­ha sıxdır. Azərbaycanla Qazaxıstan arasında siyasi münasibətlər etibarlı əməkdaşlığa əsaslanır və di­namikliyi ilə xarakterikdir. Son iki ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanda dörd dəfə, Qazaxıstan Respublikasının Prezidenti Azərbaycanda üç dəfə səfərdə olub. Bu fakt ikitərəfli əlaqələrin  qarşılıqlı inam, etimad əsasında davam etdiyinin təsdiqidir.

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş gö­rüş­də qonaq qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdı. Bu iştirak üzv dövlətlərin Azərbaycana etimadının göstəricisi kimi tarixləşdi.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi. Bu çıxış təd­birin mahiyyəti ilə səsləşməklə bərabər, Azərbaycanın belə bir mötəbər görüşə hansı səviyyədə münasibəti olduğunun göstəricisi hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, 2023-cü ilin sentyabrında Azər­baycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bunun­la da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Bu gerçəklikləri iştirakçı döv­lət­lə­rin dünyanın nizamı baxımından qiymətləndirəcəkləri  şübhəsizdir.

Dövlətlərarası beynəlxalq tədbirlərdə hər çıxış, müəyyən mənada, bu və ya digər dövlətin xa­­rici siyasətinin konturlarınnın göstəricisi olur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 4-də Astanada çıxışı da bu baxımdan diqqəti çəkdi: “Azərbaycan multilate­raliz­mi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəm­lən­dir­di. Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu”.

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malik olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bu əhəmiyyətin istiqamətlərinin müəyyənləşdirilməsində ciddi siyasi arqumentlərdəndir.

Səbinə Xasayeva,

VI çağırış Milli Məclisin deputatı