05 iyul 2024 00:14
365

Fuad Qəhrəmanlının növbəti təxribatçı cəhdi də uğursuz alınıb…

Ona görə ki, həmişə olduğu kimi, bu dəfə də məsələlərə qərəzli, irrasional, absurd, böhtançı, inkarçı (inkarçılıq onsuz da bu zatın təmsil olunduğu düşərgəsinin əsas mərəzidir) yanaşma sərgiləyib

Dünya yeni düzənə hamilədir və hazırda onun əzablı sancısını çəkir. Bir çox tanınmış ekspertlər artıq III dünya müharibəsi ehtimalına da işarə edirlər. Təsadüfi deyil ki, bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Hakan Fidan yerli televiziya kanllarından birində bu məsələdən ətraflı bəhs etdi. Avropada Ukrayna ilə bağlı məsələlər, Cənub-Şərqi Asiyada Tayvan ətrafındakı gərginlik, 2023-cü il oktyabrın 7-də Həmasın Qəzza zolağında sərhədləri keçməsi ilə başlanan İsrail-Həmas müharibəsi, Qırmızı dənizdə gərginliyin gündən-günə artması belə deməyə əsas verir ki, yeni dünya müharibəsi qarşısıalınmaz prosesə çevrilib.

Ötən bir neçə ildə dünyada iqlim dəyişikliyi ilə bağlı kataklizmləri, təbii fəlakətləri, ərzaq qıtlığını, eləcə də ekstremizmin və zorakılığın güclənməsini də buraya əlavə etsək o zaman planetimizin məşum mənzərəsi ilə bağlı daha aydın təsəvvür yaranar.

Dünyamızın, necə deyərlər, təhlükəli bir partlayışla üz-üzə qaldığı indiki dövrdə ölkəmizin başçısının siyasi uzaqgörənliklə yürütdüyü müstəqil, milli maraqlara əsaslanan xarici siyasət sayəsində Azərbaycan sabitlik adasına, rifah diyarına çevrilib.

Təbii ki, bütün bunlar Azərbaycanın xarici bədxahlarını və onların ölkəmizdəki əlaltılarını-radikal müxalifət düşərgəsinin marginallarını dərindən narahat edir. Həmin dairələr ölkəmizin beynəlxalq imicini ləkələmək, ölkə başçısının siyasətə kölgə salmaq, ictimai rəyi yanlış istiqamətə yönləndirmək üçün ən çirkli vasitələrdən istifadə edirlər. Son zamanlar AXCP sədri Əli Kərimli başda olmaqla onun qaragüruhçu dəstəsinin sosial şəbəkə seqmentlərində qopardığı tozanaq bunun əyani təsdiqidir. Məsələ ilə bağlı fikirlərimizi əsaslandırmaq üçün heç uzağa getmədən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının bu günlərdə hamımızın kifayət qədər yaxşı tanıdığımız Qənimət Zahidin “Azərbaycan saatı” internet tv-dəki uzun-uzadı, bəsit, qeyri-obyektiv, süni haray-həşirlə dolu “təhlili” nə bir daha diqqət yetirək.

Əvvəla onu deyək ki, davamlı olaraq Ə.Kərimlinin təlimatları ilə hərəkət edən Fuad Qəhrəmanlının bu naşı, gülünc və arxaik fikirlərlə dolu olan “təhlili” Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı və ölkəmizin başçısının həmin tədbirdə iştirakını müzakirə predmetinə çevirməyə cəhd edib. Şübhəsiz, F.Qəhrəmanlı  məsələ ilə bağlı qərəzli, irrasional, inkarçı, absurd (inkarçılıq onsuz da onun təmsil olunduğu düşərgəsinin əsas mərəzidir) yanaşma sərgilədiyi üçün onun bu cəhdi də uğursuz alınıb. Çünki bu zatın bəhs etdiyimiz “moizəsi” tamamilə anti-Azərbaycan tezislər üzərində qurulub. Həşəmətli “cəbhəçi bəy” iddia edir ki, Astanada Azərbaycan və Çin liderləri arasında keçirilən görüşdə strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamə imzalanması Qərbin bizim regionumuzdakı maraqlarına ziddir. Tamamilə yanlış, səviyyəsiz bir təqdimatdır. Həm də açıq şəkildə qərəzdən doğan mövqedir.

Gerçəklik odur ki, Azərbaycanın yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilk növbədə region və Qərb ölkələri ilə sağlam münasibətlərin inkişafını, bütün dövlətlər və koalisiyalarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur. Çoxvektorlu xarici siyasət kursunu reallaşdıran ölkəmiz bununla özünü çoxsaylı təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa nail olub.

O ki qaldı Azərbaycanın Qərblə münasibətlərinə F.Qəhrəmanlı kimilərinə  Prezident İlham Əliyevin 4 İyul-Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunu bir daha xatırlatmaq tam yerinə düşər: “Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”.

Ölkəmizin başçısı məktubda Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir etdiyini bildirir. Məktubda qeyd edilir ki, Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır.

 Nəhayət, bütün bu faktların fonunda F.Qəhrəmanlı kimilərinə bir daha bildirmək istərdik ki, nə qədər gec deyil bu yanlış yoldan dönün. Doğru, dürüst, obyektiv olun. Axı hamımız yaxşı bilirik bütün bunlar təkcə F.Qəhrəmanlının öz fikri deyil, sözün həqiqi mənasında Əli Kərimlinin ona ötürdüyü tezislərdir. Şübhəsiz, Ə.Kərimli həmin anti-Azərbaycan tezisləri Qərbdəki məlum qaranlıq mənbələrdən, daha doğrusu, erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatlardan qrantlarla birlikdə alır. Necə deyərlər, “Al gülüm-ver gülüm”…

Zahid Rza, “İki sahil”