02 iyul 2024 23:34
364

Şərəfli missiya

Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunmasında polis orqanlarının böyük xidmətləri var. Bu, danılmaz faktdır. Bir neçə fakta müraciət edək. 2003-2023-cü illərdə 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən və 23 saat davam edən lokal antiterror tədbirlərindən sonra regionda yaranmış yeni reallıqların fonunda işğaldan azad edilmiş ərazilərdə “Böyük qayıdış”ın gerçəkləşməsində də Daxili İşlər Nazirliyinin xidməti kifayət qədərdir. Bu məqamda bir məsələni də vurğulamaq yerinə düşər. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Naziriliyinə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisidir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  də daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti  daim ön sıralarda olublar. Onların arasında şəhidlik zirvəsinə yüksələnlərin sayı da çox olub. Belə ki, işğalçılarla döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Daxili işlər orqanlarının əməkdaşları arasında “Milli Qəhrəman” fəxri adına layiq görünənlər, “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif edilənlər var. Elə bu kim fədakarlıqlarına, daha doğrusu,  daim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirdiklərinə görə Ulu Öndər Heydər Əliyevlə yanaşı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Daxili İşlər Nazirliyinin fəaliyyətini yüksək dəyərləndirib. Yeri gəlmişkən qeyd edək ki, dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşması Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin Azərbaycan Polisi Günü elan edilməsi onun daxili işlər orqanlarına verdiyi dəyərin daha bir parlaq təzahürüdür. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Daxili Qoşunların fəaliyyəti daim diqqətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olunub. Bir sözlə, bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə imkan yaradır.  Daxili İşlər Nazirliyinin fəaliyyətinə xüsusi diqqət ayıran Prezident İlham Əliyev bu qurumun əməyini yüksək qiymətləndirdiyini dəfələrlə vurğulayıb. Hətta bildirib ki, polisə olan hörmət dövlətə olan hörmətdir.

Bəli, bu gün bu qurumun işini günün tələbləri səviyyəsində qurmasının nəticəsidir ki, ölkəmiz dünyada sabitlik adası kimi tanınır. Elə Bakının BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər beynəlxalq tədbirə ev sahibi seçilməsi də bunu bir daha təsdiq edir. Bu isə o deməkdir ki, bu seçimdə Daxili İşlər Nazirliyinin də əməyi vardır.

Bu mənada soyuqda, küləkdə, qarda, yağışda, şaxtada, isti havada təhlükəsizliyimizi qoruyan minlərlə polisimiz hər birimizin fəxridir. Bəli, onlar özlərinin sağlamlıqlarını və həyatlarını təhlükə altına ataraq, gecəni gündüzə qataraq bizim təhlükəsizliyimizi qoruyurlar. Belə şərəfli bir missiyanı yerinə yetirənlərin hər birinə hörmətlə yanaşmaq, bizim vətəndaşlıq borcumuz olmalıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”