25 iyun 2024 13:39
364

Peşəkar Ordumuz verilən tapşırıqları uğurla icra edir

26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. 1992-ci il oktyabrın 9-da isə Silahlı Qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Ümummilli Liderimiz  Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Xüsusilə Azərbaycan Silahlı Birləşmələri mövzusunda danışarkən bir faktı da qeyd etmək olduqca əhəmiyyətlidir.

Ona görə ki, bugünkü uğurlarımızın təməlində dahi Heydər Əliyevin müdrik siyasəti və onun həyata keçirdiyi misilsiz xidmətlər dayanır. Bildiyimiz kimi diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi lisey ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Eyni zamanda Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərimiuz Heydər Əliyevin təşəbbüsü ilə 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub.

Azərbaycan Respublikasının Ümummilli Lideri, müdrik şəxsiyyət  Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı böyük  işlər Onun siyasi kursunun layiqli davamçısı, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən peşəkarlıqla  davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən doğma Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyev digər sahələrə olduğu kimi məhz ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Bəli, məhz bunun nəticəsidir ki, Azərbaycan 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyini azad edərək, Ermənistan silahlı birləşmələrinə hərbi dərs keçdi. Bu uğurların davamı kimi 2018-ci ildə  Naxçıvanda yenilməz  ordumuzun həyata keçirdiyi Günnüt əməliyyatı ilə Günnüt kəndi düşməndən azad olundu. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində bir daha terror-təxribat aktı törətmiş düşmənə layiqli cavab verilsə də görünən bu idi ki, adekvat cavablarımız riyakar düşmən üçün yaxşı dərs olmamışdı. Nəhayət Ermənistanın terror aktına cavab olaraq, 2020-ci ilin 27 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq əmri ilə başladılan 44 günlük Vətən müharibəsində düşmənin beli döyüş meydanında qırıldı. Azərbaycanın torpaqları düşmən tapdağından azad edildi və Ermənistan siyasi rəhbərliyi kapituliyasiya aktına imza atdı. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə 2022-ci ilin və 2023-cü ilin sentyabr aylarında  həyata keçirilən möhtəşəm və uğrulu anti-terror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olundu. Qürurla söyləyirik ki, Azərbaycanın Dövlət Bayrağını Şuşada,Laçında, Kəlbəcərdə, Xocalıda, Xankəndidə və digər əzəli torpaqlarımızda yüksəyə qaldıran Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın şanlı tarixini yazmış qüdrətli şəxsiyyətdir.

Fəxr edirik ki, bu gün Azərbaycan sarsılmaz mövqeyi, yenilməz Ordusu, güclü iqtisadiyyatı, ən əsası müzəffər xalqı və bənzərsiz tarixi Sərkərdəsi-cənab İlham Əliyev kimi qətiyyətli Lideri olan qüdrətli dövlətdir.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri