25 iyun 2024 02:15
416

Hasar dibi axtaran derder Baqrat

Keşişin bu halına baxanda adamın yadına “Yol əhvalatı” filmində "Tezik" adlandırılan küçük düşür

Hansı məxluqun hasar və ya kol dibini hansı məqsədlə  axtardığını yəqin hər kəs bilir. Azərbaycanın məşhur "Yol əhvalatı" filmində "Tezik" adlı küçüyün qonşunun divarının dibini murdarlaması və sakinlərin küçükdən "JEK" rəisinə şikayət etməsi səhnəsi var. Tavuş kilsəsinin keşişi Baqrat Qalstanyanın son hərəkətləri həmin səhnəni yadımıza saldı. Çörək qazandığı Allahın evindən başqa burnunu hər yerə soxan keşiş Baqrat   haydaşlarına hasar dibi axtardığını söyləyib. Özü də qalib gələ bilmədiyi hakimiyyətin hasarının dibini. Bu məqsədinə çatmaq üçün baş nazir Nikol Paşinyanla çomaq-çomağa qoyub. Nikolun çomaq zərbəsindən qarın ağrısı tapan derder (ermənicə kilsə xidmətçisi) Baqrat özünə illac axtarır. Görünür, günlər keçdikcə qarın ağrısı daha da güclənib, dözülməz hala çatıb. Həddini aşmış derder Baqrat ilk növbədə baş nazirin işlərini təftiş etməyə qalxıb. Ölkənin nahaqasına (ermənicə baş nazir) qarşı başçılıq etdiyi üsyan sabun köpüyünə çevriləndən sonra özünə yeni "iş cəbhəsi" tapıb: “Mən Tavuşa gedib xalqla görüşmək, oradakı vəziyyəti anlamaq və eyni zamanda “hasar” deyilən şeyin harada olduğunu anlamağa çalışmaq istəyirdim”.

Erməni mediası xəbər verir ki, bu sözləri yerli jurnalistlərlə söhbətində “Vətən naminə Tavuş” hərəkatının başbiləni, revanşistlərin "çalsaqqalı" Baqrat Qalstanyan deyib. Əcəb qəribə məxluqdur bu casus keşiş. Törətdiyi həngamələrdən sonra "xalqla görüşmək", "anlamağa çalışmaq istədiyini" və hasar dibi axtardığını söyləyib. Görəsən, o, nəyi anlamağa çalışır, hansı məsələ üstüörtülü qalıb ki? Belə məlum olur ki, o, suda batan və saman çöpündən yapışan adam kimi hər yana əl-qol atır. Xilas yolu tapmayan derder qudurmuş it kimi ətrafındakıları dalamağa çalışır.

İş o yerə çatıb ki, dikbaş derder Ermənistanın prezidenti Vaaqn Xaçaturyanın Tavuş sərhəd zastavasında olmasını, oradan səsləndirdiyi təəssüratlarını ələ salaraq deyib: “Hasar, sərhəd xətti, tikanlı məftil? Bunlar, harada yerləşir, niyə hələ də video və fotoşəkillərdə görünmür? Gedək hər şeyi öz gözümüzlə görək, bunun olub-olmadığına əmin olacağıq. Biz bütün sərhəd xətti boyunca gedəcəyik”.

Ancaq "cızığından çıxmış" derderin sarsaqladığı fikirlər indi heç də hamı tərəfindən alqışlanmır. Artıq bu sözlər ona yeni tərəfdarlar qazandırmır, əksinə qanına susamış düşmənlərinin sayını bir qədər də artırır. Təbii ki, prezident Xaçaturyanın çoxsaylı tərəfdarları həddini aşmış Baqratı sıradan çıxarmağa cəhd edəcəklər. Buna sübut da var.

Son günlərdə Daşnaksütyun partiyasının üzvü Gerasim Vardanyanın Qalstanyanın ünvanına söyüş və təhqiramiz ifadələr səsləndirdiyi səs yazısı ortaya çıxıb. Şübhəsiz ki, bu adam Ermənistan prezidenti Vaaqn Xaçaturyanın yaxın ətrafında olanlardan biridir və onlar derderin prezidentin işlərini “yoxlamasını” həzm etmək istəmirlər. Axı, kilsənin keşişi hara, prezident hara? Səviyyələr tamamilə fərqlidir. Gerasim Vardanyan Baqratı hiddətlə hədələyərək ondan ağzını yummasını, hayları axmaq yollara çəkməməsini, sarsaq şayiələr yaymamasını tələb edib. Hədə-qorxudan çəkinən derder gözü qızmış Vardanyana heç bir cavab verə bilməyib. Yerli jurnalistlər keşişdən bu barədə soruşduqda o, heç bir şərhinin olmadığını deməklə kifayətlənib. Əslində bu, "kifayətlənmək" deyil, qorxudan geri çəkilməkdir. Geri çəkilməsə onu qəfil avtoqəza, zəhərlənmə və ya təsadüfi güllə gözləyə bilər...Özü də yaxşı bilir ki, bütün bunlar həmcinsləri hayların sağ əlindən gələn köhnə "işlərdir."

İndi derder Baqrat başqa divar dibi axtarmalı olacaq. Belə davam etsə onu getdiyi bütün hasarların dibindən it kimi qovacaqlar. Axı, hasar dibini qarnı ağrıyan itlər axtarır...

Vəli İlyasov, "İki sahil"