24 iyun 2024 11:26
464

Azərbaycan qlobal siyasi məsələlərdə qabaqcıl ölkə rolunu oynamağa qadirdir - Kamran Bayramov

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb.Həmin reportajda Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb. “Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır”, - deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə əməli işlər həyata keçirildiyini vurğulayıb. Məsələn, dövlətimizin başçısı konkret olaraq bildirib ki, “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K. Bayramov qeyd edib ki, Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak edib. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunub. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir.


Prezident İlham Əliyev bildirib ki, COP29-a ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır: “Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”. Qeyd edək ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dönəmində bu qurumun 120 üzv ölkəsi ilə həqiqətən  bir sıra yaddaqalan təşəbbüslərə və işlərə imza atıb. Təkcə bir faktı xatırladaq ki, Azərbaycanın COVİD-19 ilə mübarizədə nümayiş etdirdiyi liderlik və əzmkarlıq bütün dünyada rəğbətlə qarşılanıb. Belə ki, həmin dövrdə Azərbaycanın təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edilib. Ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan bir çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib.

K.Bayramov əlavə edib ki, ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Dövlət başçımızın bildirdiyi kimi, Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər. Hazırda Azərbaycan qlobal siyasi məsələlərdə qabaqcıl ölkə rolunu oynamağa qadirdir. Şübhəsiz, bunu da ölkəmizin çox mühüm diplomatik uğuru kimi dəyərləndirmək olar. Bu baxımdan Azərbaycanın  COP29 zamanı və ondan sonra sədrliyini davam etdirəcəyi dövrdə planetin qorunmasına da cağırışlar edəcəyi, töhfələr verəcəyi şəksizdir. Bu gün fəlakətlərlə üzləşən planetimiz hamının evidir, onu qorumaq isə hər bir dövlətin borcudur.  Bu mənada müsbət mühit qurmaq naminə ölkələrin qarşılıqlı fəaliyyət göstərmələri olduqca vacibdir. Şübhə etmirik ki, Azərbaycan COP29 vasitəsilə bu vacib faktoru da dünyaya çatdıra biləcək.