24 iyun 2024 10:40
386

Azərbaycanın böyük tərəfdaşları var

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il iyunun 4-də Bakı Ekspo Mərkəzində  Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq  Xəzər Neft və Qaz –  “Caspian Oil and Qaz” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirak etmişdir. Bununla əlaqədar Ölkəmizin Başçısı iyunun 21-də “Euronews” televiziyasına müsahibə vermişdir. Cənab Prezident İlham Əliyev müxbirə planlar barədə məlumat verərək bu tədbirin Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə  yatıranlar üçün cəlbedici olduğunu və ”Masdar”ın da bərpaolunan enerji sahəsində ölkəmizin  strateji tərəfdaşımız olduğunu bildirdi.

Müxbirin – “Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpa olunan enerjiyə keçidə gəldikdə, çətinliklər hansılardır?” – sualının cavabında Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bilirsiniz, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyə planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki,  sərmayədarların verdiyi mümkün qədər çox enerji qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycan özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik  enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik”.

“Euronews” televiziyası müxbirinin  “Yeri gəlmişkən, Siz xüsusi Sərəncamla bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmi?” sualını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cavablandırarkən bildirmişdir: “Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”. 

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri