24 iyun 2024 00:56
436

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir

Torpağa sahib olub yer üstə yerləşməsək,

Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,

Millətin taleyini dürüst fikirləşməsək,

Özgələrdən bizlərə dırnaq qədər yardım yox.

Ordum varsa, yurdum var,

Ordum yoxsa, yurdum yox!

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir !

26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər bir azərbaycanlının iftixarla qeyd etdiyi xüsusi bir gün olmaqla yanaşı həm də tariximizi unutmamaq, onun səhifələrinə   nəzər  salmaq üçün bir fürsətdir. Müstəqil dövlətimizin güclü ordusunun olması təsadüfi deyil. Məlumdur ki, XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyi əldə etmişdir. Cümhuriyyətini quranda ordumuz yox idi.  Vaxtın az, düşmənin isə çox yaxında olduğu ziddiyyətli bir zamanda ordu quruculuğuna başlandı və qısa müddət ərzində bir sıra uğurlar qazanıldı.  Bakı  erməni-daşnaq işğalından azad edildi. Qarqbağda erməni quldur dəstələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirildi. Təəssüf ki, Xalq Cümhuriyyəti 23 ay yaşadı və bu qısa müddət ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsinə imkan vermədi.  Buna baxmayaraq hələ yeni formalaşmaqda olsa da, o zaman Azərbaycan ordusu axıradək düşmənə layiqli cavab verdi. 

 Azərbaycan 1991-ci ildə ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra da xalqımızı 1920-ci ildəki aqibət gözləyirdi. Azərbaycanı daim əsarət boyunduruğunda saxlamaq istəyən imperiyasevən qüvvələr ölkəmizi müstəqillikdən məhrum etmək üçün əvvəlcədən düşünülmüş şəkildə süni Qarabağ problemini yaratdılar. Bunun da əsasında Azərbaycanı uzun sürən dağıdıcı müharibəyə cəlb etdilər. 1993-cü ildə Azərbaycanı Ulu Öndərimiz xilas etdi.

Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun qələbəsi ilə azad edildi. 

Ey Vətən oğulları, sizə qurban canımız,

Qalmayıbdı yağıda bir qarış torpağımız,

Dalğalanır Laçında,  Şuşada bayrağımız,

Qanınızla  yazıldı bu millətin zəfəri,

Azərbaycan əsgəri!

Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Bu gün rəşadətli ordumuz işğaldan azad olmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirməklə yenidənqurma-bərpa işlərinə və Böyük Qayıdışa layiqli töhfələr verməkdədir.

Sən ey istiqlalıma dizin-dizin sürünən,

Sən ey haqq amalına bayraq kimi bürünən,

Sən ey yağılar üçün zirvə təki görünən,

Dağlara sanc bayrağı, gətir geri illəri,

Azərbaycan əsgəri, doğrultdun ümidləri.

Bu gün Azərbaycan ordusunun qüdrətini, Azərbaycan əsgərinin gücünü düşmənlərimiz də, onların üzümüzə gülüb, arxamızca min hoqqadan çıxan iküzlü havadarları da  yaxşı bilirlər.

Bu gün əsgər olmaq qürurdur! Əsgər valideyni sayılmaq fəxarətdir. Övladını əsgər yola salan ata onun ayağı altında qurban kəsir, Vətəni oğluna, oğlunu Allaha əmanət edib yola salır. Analar əsgər gedən oğullarının ovcuna xına yaxır, xeyir-duası da-  “Düşmənə arxa çevirsən, südümü sənə halal etmərəm”! olur.  Azərbaycanımızın cəsur oğulları müstəqil  dövlətimizin ordusunda xidmət etməyi şərəf sayırlar!

Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, ordumuzun, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir.  Ulu Öndərin ortdumuz haqqında qiymətli fikirlərindən birini xatırlatmaq yerinə düşər.  “Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız! Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz.”                      Bu gün Azərbaycan Ordusu istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. 

Babəkin, Koroğlunun hünəri var canında,

Qanına hopub axan qeyrətdir damarında.

Aman vermə düşmənə, əz başını anında,

Unutsun əbədilik  Ağdamı, Kəlbəcəri,

 Azərbaycan əsgəri!

Düşmənə göz dağıdır məğrurluğun, qürurun,

Alınmaz qalasısan, sipərisən bu yurdun.

Şərəfin, namusundur, xidmət etdiyin ordun,

Yayıldı yer üzünə şanlı  zəfər xəbərin,

Azərbaycan əsgəri!

Düşmənə həmişə gözdağı ol, qoy zəfər daim səninlə olsun, Şanlı Ordum!

Şəlalə Əsgərova,
YAP Xətai rayon təşkilatının üzvü