20 iyun 2024 23:19
384

YAP təklif verdi: Növbədənkənar parlament seçkiləri keçirilsin

Bu, həm COP29 kimi mötəbər beynəlxalq tədbiri layiqli şəkildə reallaşdırmağa imkan verəcək, həm də Milli Məclisin yeni tərkibinin tam fəaliyyətdə olmasını təmin edəcək

Rəşadətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində qazandığı tarixi  Zəfərlə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Xüsusilə 2023-cü ilin sentyabrın 19-da həyata keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində terrorçu xuntanın birdəfəlik məhv edilməsi və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması faktı ölkəmizin  geosiyasi nüfuzunu da yüksəltdi. Bu gün iqtisadi, hərbi və geosiyasi qüdrətimizin artması imkan verir ki, biz bir bir dövlət kimi, regionda öz haqlı mövqelərimizi qətiyyətlə qoruyaq və şərtləri diktə edən tərəf olaq.

Məhz bütün bunların fonunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin beynəlxalq miqyasda böyük siyasi nüfuz qazanması da qürurverici faktdır. Tarixi qələbələrimizdən sonra 2024-cü ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində, ən başlıcası isə işğaldan azad olunmuş rayonlarımızda növbədənkənar prezident seçkiləri keçirildi. Təbii ki, ilk  dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması da lazım gəlir. Bununla da Milli Məclisə növbədənlənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkillər məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.  Əslində, Azərbaycanda parlament seçkiləri 2024-cü ilin noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29-un keçiriləcəyini nəzərə alan Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsini təklif edib.

Bu, bir gerçəklikdir ki, COP29 kimi mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişdirilməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

İyunun 20-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov növbədənkənar parlament seçkilərinin keçirlməsinin məqsədəuyğunluğunu belə izah edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir: «Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.»

Təbii ki, növbədənkənar parlament seçkilərinin vaxtının təyin edilməsi Prezident İlham Əliyevin səlahiyyətinə aiddir. Ona görə də inanırıq ki, YAP İdarə Heyətinin irəli sürdüyü bu təklifə ölkə başçısı müsbət yanaşacaq.

Bu gün  Milli Məclisin Azərbaycan dövlətinin siyasi idarəetməsində, xalqın hakimiyyətdə təmsil olunmasında önəmli fəaliyyət göstərir. Bundan başqa, növbədənkənar palament seçkilərinin  bütün ölkə ərazisində keçirlməsi də önəmli tarixi fakt kimi yadda qalacaq. Beləliklə, ilk dəfə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər etimad göstərdikləri deputatlığa namizədlərini Milli Məclisə seçmək imkanları qazanacaqlar. 

Elçin Zaman, «İki sahil»