20 iyun 2024 23:58
352

Qərəzli xarici dairələrin miskin əlaltılarının mövsümi xəstəliyi

“Milçək özü bir şey deyil, ancaq ürək bulandırır”. İş orasındadır ki, bu şoqərib milçək təkcə ürək bulandırmır, həm də mız salır...

Alimlər uzunmüddətli əsaslı araşdırmalardan sonra belə qənaətə gəliblər ki, yayın qızmar istisi bəzi fəsadlarla yanaşı yuxu pozğunluğuna da səbəb olur. Bunun ardınca işıq, stress, səs-küy və s. səbəblər gəlir. Yuxu pozğunluğu isə beynin normal işləməsinə mane olur.

Bir neçə il bundan əvvəl İspaniyanın “La Vanguardia” nəşrindəki bir məqalədə bildirilirdi ki, oturaq həyat tərzi  nəticəsində konkret neyronların strukturu anbaan dəyişir. Davamlı fiziki iş nəticəsində orqanizmdə təbii ağrıkəsicilər hesab olunan endorfinlər ifraz olunur. Bu endorfinlər  də bədənin gündəlik yüklənməyə tab gətirə bilməsi üçün lazımdır. Həmçinin fiziki aktivlik sayəsində beyin daha çox oksigen qəbul edir. Bu da onun məhsuldarlığını artırır.

Təbii ki, bu yayın ən qaynar günlərində əbəs yerə tibb elminə müraciət etmədik. Bunun əsas səbəbi uzun illərdən bəri müxalifətçilik adı ilə xaricdəki qərəzli təşkilatlardan, fondlardan qrantlar alaraq Azərbaycanın beynəlxalq imicinə qara yaxmaqdan başqa heç bir faydalı işlə məşğul olmayan dağıdıcı müxalifət ünsürlərinin AXCP sədri Əli Kərimlinin, onun müavini Fuad Qəhrəmalının, “Milli Şura”nın sədri Cəmil Həsənlinin, bu qurumda təmsil olunan Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki antimilli şoularıdır.  

Şübhəsiz, bu avantüristlərin əsl simaları, çirkin niyyətləri ölkə ictimaiyyətinə çoxdan bəllidir. Çünki bu antimilli ünsürlərin xaricdəki ağalarından aldıqları tezislər əsasında  ölkəmizin əleyhinə apardıqları qarayaxma kampaniyası, uydurduqları yalanlar, əsassız iddialar, ictimai rəylə uğursuz manipulyasiya cəhdləri sapun köpüyü kimi anındaca dağılıb gedir.

Bir atalar sözündə deyilir: “Milçək özü bir şey deyil, ancaq ürək bulandırır”. Ancaq iş orasındadır ki, dağıdıcı müxalifətin bu zərərli həşaratları, mütəxəssislərin söylədiyi kimi, hamam böcəyindən də təhlükəli olan milçəkləri  yalnız ürək bulandırmır, həm də iyrənc sürfələri ilə hər vəchlə cəmiyyətə mız salmağa çalışırlar.

Bəli, yuxarıda yay mövsümünü və bu mövsümün ən narahatedici həşəratı olan milçəkləri təsadüfi yada salmadıq. Belə ki, bu iyrənc milçəklər- antimilli ünsürlər noyabr ayında ölkəmizdə baş tutacaq beynəlxalq əhəmiyyətli tədbir COP29 ərəfəsində sosial şəbəkələrdə şər, böhtan maşınlarını işə salaraq düşmən dəyirmanına su tökməkdə davam edirlər. Qərəzli xarici dairələrin miskin əlaltısına çevrilən Əli Kərimlinin və onun dəstə üzvlərindən Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin, İlham Hüseynin, Seymur Həzinin, Qənimət Zahidin və digərlərinin ölkəmizdə baş tutacaq qlobal xarakterli COP29  ərəfəsində sosial şəbəkə seqmentlərində necə deyərlər, “fəallaşamaları”, “siyasi məhbus”, “insan haqları”,  ölkəmizdəki seçkilərlə bağlı əsassız iddialar irəli sürmələri bəzi qaranlıq mətləblərə işıq tutmağa imkan verir.

Nəhayət, radikal müxalifətin  nümayəndələrinə bir daha demək istərdik ki, beyninizi faydalı işlə məşğul edin, vərdiş edilmiş rutindən- daha öncə məşğul olmadığınız bir şeyə yönəldin. Tərəddüd etməyin, xaricdəki ağalarınızdan da çəkinməyin. Psixologiya  üzrə fəlsəfə doktoru Vaqif  Hüseynin  “Təfəkkürün tərəddüdü və ya bəla ağıldadır, yoxsa arzuda?” kitabında qeyd edildiyi kimi, tərəddüd edən insanlar qərar verməkdə aciz olurlar: “Tərəddüd- inamsızlıq, etimadsızlıq və qorxudan yaranır. Qərar ağlın, əzmin, cəsarətin məhsuludur”.

Necə deyərlər, nə qədər ki gec deyil, gəlin siz də cəsarət, əzm nümayiş etdirərək bu daşı ətəyinizdən tökün. Nəhayət, erməni dəyirmanına su tökməkdən əl çəkin. Yaddan çıxarmayın ki, bu gün təlatümlərlə dolu dünyamızda Xeyirlə Şərin kəskin mübarizəsi gedir. Xeyir Azərbaycan, Şər isə anti-Azərbaycan qüvvələrdir, düşmənlərimizdir. İşıq, aydınlıq xeyir qüvvələrin, zülmət, qaranlıq isə şər qüvvələrin nişanəsidir. Siz işığın, aydınlığın-Azərbaycanın yanında yer alın. Unutmayın ki, Tanrı Xeyiri çətinliklərlə sınasa da, son anda onu darda qoymur.

Zahid Rza, “İki sahil”