14 iyun 2024 14:39
477

Strateji tərəfdaşlığın simvolu

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq, tərəfdaşlıq əlaqələri dərin tarixi köklərə və zəngin ənənələrə malikdir. Bu iki xalq və iki dövlət arasında formalaşmış münasibətlər dərin sevgiyə və böyük səmimiyyətə əsaslanır. Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi və Türk xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyimi Türkiyə - Azərbaycan qardaşlığının ən gözəl ifadəsidir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Dövlətlərimiz arasında mövcud olan sıx əlaqələr həm də revanşist qüvvələrə vacib mesajdır.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini zirvələrə yüksəltdi. İstər dövri mətbuatda, istərsə də elmi araşdırmalarda Qarabağda qazanılan Qələbə Çanaqqala Zəfəri, Sakarya zabitlər döyüşü, Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin birgə mübarizəsi nəticəsində Bakının qurtuluşu, Osmanlı Şərq Ordusunun Naxçıvanda həyata keçirdiyi milli qurtuluş hərəkatı kimi tarixi hadisələrlə müqayisə olunur. Əlbəttə ki, bütün bu qürurverici tarixi anları nəzərdən keçirərkən hazırda Türkiyənin gücünə güc qatan qüdrətli Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası məmnuniyyətlə xatırlanır. Biz Ulu Öndərin parlaq şəxsiyyətinin qardaş ölkədə də həmişəyaşarlığının şahidi oluruq.

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Bu bəyannamə həm də strateji tərəfdaşlığımızın simvoluna çevrildi. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. “Şuşa Bəyannaməsi” iki ölkənin müdafiə və təhlükəsizlik siyasətini koordinasiya etməyə imkan verir və bu onun beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillərdən biridir.

İki qardaş dövlət arasında imzalanmış bəyannamə, informasiya mübadiləsi sahəsində də güclü əməkdaşlığın nümunəsidir. Bu əməkdaşlıq ölkələrimiz arasında təhsil, mədəniyyət, texnologiya, iqtisadiyyat və digər sahələrdə məlumat, təcrübə mübadiləsinin sürətləndirilməsini dəstəkləyir.

15 İyun – “Şuşa Bəyannaməsi”nin imzalanmasının artıq üçüncü ildönümü tamam olur. Bəyannamənin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günü imzalanması da mühüm əhəmiyyət kəsb edir. Xalqlarımız tam əmindirlər ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da  daim inkişaf edəcək, möhkəmlənəcək, daha da genişlənəcək və sarsılmaz olacaq.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi