14 iyun 2024 00:57
298

Boşanmış gəlin üstündə dava...

Haykanuşun iki real adaxlısı var: Biri ABŞ, o biri Rusiya

İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra özünü itirmiş Ermənistan yeni himayədar axtarışı ilə özünü bəlalara salıb. Müstəqil dövlət kimi özünü idarə edə bilməyən bu ölkə hara gedəcəyini bilmir. Bunu görən bəzi dövlətlər Ermənistanı təsir dairəsinə salmaq, beləliklə, Cənubi Qafqaz regionunda yerləşmək üçün bu istiqamətdə fəal hərəkət edirlər.

Hayastanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışan ABŞ son vaxtlar baş nazir Nikol Paşinyana öz dəstəyini ifadə edib. Bu məqsədlə Dövlət katibi Antoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O Brayn ABŞ-Ermənistan Strateji Dialoqunun iclasında iştirak etmək üçün İrəvanda səfərdədir. Əsl mətləb başqa olsa da hər halda səfərin adını belə qoyublar.

Bir çox politoloqlar Blinkenin müavininin çevriliş ehtimalına qarşı İrəvana göndərilməsi ilə bağlı səsləndirilən ehtimalları inkar etmir. Ancaq bəziləri O Braynın eyni zamanda başqa məsələlərin həlli üçün də göndərildiyini iddia edirlər.

Aydındır ki, birinci səbəb əlbəttə, ABŞ-Ermənistan strateji tərəfdaşlığını marağı olan başqalarına yenidən nümayiş etdirməkdir. Yəni, Vaşinqton bundan sonra İrəvanın onun nüfuz dairəsinə daxil olduğunu göstərir və hansısa süni inqilab, təxribat və ya çevriliş yolu ilə Nikol Paşinyanın hakimiyyətdən getməsini istəmir. Bu, ABŞ-ın Ermənistandan qovulması demək olardı. İkincisi, ABŞ Ermənistan iqtidarına bununla öz dəstəyini göstərir. Çünki son dövrlərdə Paşinyan hökumətinə müxalifətin, Rusiyanın agentura şəbəkəsinin, keçmiş "Qarabağ klanı"nın, ölkə və Rusiya mətbuatının güclü təzyiqləri var. Hətta sözügedən qüvvələr gizli kartları belə açmağa və Paşinyan hökumətinə təhdid yaratmağa başladı. Əlbəttə ki, onun-bunun maşası olan Tavuş kilsəsinin keşişi Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiyalar da gündəmdən düşməyib.

Üçüncü səbəb isə odur ki, Ermənistan parlamentinin sədri Alen Simonyan son çıxışlarından birində ölkəsində yeni hökumətin formalaşdırılması üçün müxalifət və Rusiyanın casusları ilə bir yerdə işlədiyini deyib. Yəqin ki, O Braynın Paşinyan hökuməti ilə bu barədə müəyyən məsləhətləşmələr aparmaq üçün İrəvana göndərilib.

Ancaq irəli sürülən bu və digər versiyalar yalnız ilkin mülahizələrdir. Güman ki, bunlardan başqa da hansısa işlərin aparılması nəzərdə tutulub. Hansı işlərin? Hələlik deyilənlərdən savayı ağlabatan bir tezis irəli sürülmür. Obrayenin səfəri onu göstərir ki, superdövlətin yüksək ranqlı məmuru bir-iki xırda-para iş üçün gəlməz. Çünki ABŞ-dan Ermənistana bu səviyyəli rəsmi şəxslər heç ildə bir dəfə də səfər etmir. Deməli, bu səfərin arxasında hansısa ciddi məsələlər dayanır.

Təbii ki, O Braynın okeanın o tayından gəlib bu tayında, özü də 300 il Rusiyanın vassalı olmuş Ermənistanda özünü ağa kimi aparmasını "keçmiş ağa"  sakitcə qarşılamaz. Şübhəsizdir ki, Rusiya tezliklə bu səfərə adekvat addımlar atmaqla cavab verəcək. Bu cavabın arxasında Ermənistanı xoşagəlməz hadisələr də gözləyə bilər. Çünki yüz illər haylara yüz milyardlar xərcləmiş Rusiya hazırda da ona iqtisadi dəstək göstərməkdə davam edir. Ölkənin elektrik enerjisinə, qaz yanacağına ehtiyaclarını su qiymətinə ödəyir, sərhədlərinin təhlükəzisliyini qoruyur. Dəfələrlə Hayastana böyük miqdarda silah-sursatı, hərbi texnikanı pulsuz olaraq "hədiyyə" verib. Bütün bunların bədəli ödənilməlidir, deyilmi? Rusların hayların ata-babasına borcu yox idi ki. Əksinə, haylar onlara borcludurlar. Əlbəttə, məqamı gələndə Rusiya etdiklərinin haqqının ödənilməsini tələb edəcək. Bəs Ermənistan o qədər məbləği haradan tapacaq? Təbii ki, bunlar barədə ya özü düşünməli olacaq, ya da onun qoltuğuna "kal qarpız" verənlər. Bütün hallarda bu qarşıdurmadan barıt iyi gəlir.

Vəli İlyasov, "İki sahil"