13 iyun 2024 22:58
518

Musiqinin psixoloji təsiri - FOTOLAR

Bu mövzuda elmi-praktiki seminar keçirilib

İyunun 12-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktiki seminar keçirilib.

“İki sahil” xəbər verir ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov tədbiri giriş sözü ilə açaraq musiqinin cəmiyyətdə rolu, insanlarda bədii zövqün formalaşması istiqamətində bu cür seminarların təşkil olunmasının önəmindən bəhs edib.

Elmi seminarda görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur “Terapiyada musiqinin rolu”, Təhsil İnstitutunun Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin aparıcı elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas Bahar Bəylərova-Ələkbərova “Musiqinin tərbiyədə və təhsildə rolu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova “Musiqinin uşaq psixologiyasına təsir vasitələri” mövzularında çıxış edərək öz fikirlərini əyani misallarla iştirakçılara təqdim ediblər.

Həmçinin Türkiyənin neyro-elm mütəxəssisi, professor Sinan Cananın “Musiqi və beyin” mövzusunda çıxışı da video formatda təqdim olundu.

MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə müzakirələr aparılıb və mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor Kollektivi (bədii rəhbər, Əməkdar müəllim Təranə Yusifova) həmçinin beynəlxalq müsabiqələr laureatı, pianoçu Jalə İslamova və tarzən Elşən Tahirovun ifasında musiqi nümunələri də səsləndirilib.