13 iyun 2024 00:58
279

Yeni Kaledeoniya Fransanın əsarətində zülm çəkir

XXI əsrdə kolonializmdən hələ də əl çəkə bilməyən Yelisey sarayı Avropadan kənarda, Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün ən iyrənc metodlara əl atır

Çox haqlı olaraq deyildiyi kimi, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxunun məhz Fransa tərəfindən törədilməsi danılmaz faktdır. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur.

Bu gün də kolonializm siyasətindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Hamımız bir müddət əvvəl Fransanın Yeni Kaledoniya əyalətində yerli əhalinin seçkilərə təsirini azaldan qanun layihəsinə qarşı dinc etiraz aksiyaları keçirilməsini yaxşı xatırlayırıq. Belə ki, o zaman Fransa təhlükəsizlik qüvvələri yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab vermis, nəticədə 10-dan çox dinc sakin qöldürülmüş, yüzlərlə insan yaralanmış və həbs edilmiş, paytaxt Numeada komendant saatı elan olunmuşdu.

Məsələ orasındadır ki, Fransa hökumətinin qərarı ilə hələ də Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarma qüvvələri tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb.

Bütün bunların fonunda informasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edir. Belə ki, Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloqqer və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə iyunun 13-də “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda hibrid formatda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransın məqsədi, həmçinin Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi - neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə edilməsidir.

Yüz illər keçsə də Fransa kolonializminin iyrənc, utancverici metodları bu gün də davam etməkədədir. Hazırda Fransız Qvianasında sosial vəziyyətin getdikcə pisləşməsi, əhalinin təxminən yarısının yoxsulluq astanasında olması, işsizliyin səviyyəsinin durmadan yüksəlməsi bunun əyani təsdiqidir. Burada təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar.

Bu gün Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan da imtina edir. Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla həmin xalqın müstəqil olmaq hüququ əlindən alınır. Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdir. Riyakar və ikili standartlı siyasət yürüdən Fransa eyni zamanda, özünü regionumuzda milli azlıqların müdafiəçisi kimi təqdim etməyə çalışır. Ancaq Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır.

Artıq Fransanın müstəmləkəçi siyasəti iflasa uğrayıb, antifransız əhval- ruhiyyə daha da yüksəlib. 2024-cü ilin əvvəllərində Qərbi Afrikanın mühüm ölkələrindən olan Niger Respublikasının hakim Vətəni Müdafiə Milli Şurasının rəhbəri general Abdurahman Tçiani milli televiziya kanalına müsahibəsində deyib ki, Burkina-Faso və Mali ilə birgə vahid valyutanın yaradılması mümkündür: “Valyuta suverenliyin rəmzidir. Niger, Burkina-Faso, Mali suverenliyin tam bərpası prosesində iştirak edir. Artıq ölkələrimiz Fransanın “sağmal inəyi” olmaq istəmir”.

Rəsmi Bakı da bu məsələlərlə bağlı Fransaya çağırış edib. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında yaydığı məlumatda Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsinin yolverilməz olduğu bildirilir: “Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırırıq”.

Bütün bunlar bir daha deməyə əsas verir ki, bu gün Fransa kimi müstəmləkəçi bir ölkənin insan haqlarından, demokratiyadan danışması gülünc və ikrahdoğurucudur. Yelisey sarayının müstəmləkəçi, neokolonialist siyasətini davam etdirməsi isə yolverilməzdir.

Zahid Rza, “İki sahil”