13 iyun 2024 01:15
276

Yetər artıq, Makron!

Avropa Parlamentinə (Aİ) seçkilərin nəticələri ilə «fatihə»si oxunan, iqtidarlığının qürub çağı yetişən Fransa Prezidentinin neokolonialist, islamofob siyasətinin də sonu görünür

İfrat sağçıların qələbəsi ilə başa çatan Avropa Parlamentində keçirilən seçkilərin nəticələri Fransaya, daha doğrusu, bu ölkənin Prezidenti Emmanuel Makrona ustad şilləsi oldu. Belə utancverici məğlubiyyətdən çıxış yolunu Milli Assambleyanı buraxmaqda görən Makron quruma iki tur üzrə (müvafiq olaraq, iyunun 30-da və iyulun 7-də) keçiriləcək seçkilərin vaxtını da təyin etdi. Məğlubiyyətinə «Nəticələr Avropanı müdafiə edən partiyalar üçün yaxşı deyil. Ona görə də heç nə olmamış kimi davrana bilmərəm. Konstitusiyamızın 12-ci maddəsində tələb olunan məsləhətləşmələri apararaq, səsvermə yolu ilə bir daha sizə parlament gələcəyimizin seçimini vermək qərarına gəldim» sözləri ilə siyasi uğursuzluğuna haqq qazandıran, özünə təsəlli verən Makron rəqibi "Milli Birlik" partiyasının sədri, «Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad göstərərsə, biz Fransada hakimiyyəti ələ almağa hazırıq» söyləyən Marin Le Pen ilə danışıqlara hazır olduğunu da bildirib. Xatırladaq ki, Fransada Avropa Parlamentinə seçkilərdə Marin Le Penin sədri olduğu «Milli Birlik» partiyası 31,5, Makronun «İntibah» partiyası 15,2, faiz səs toplayıb. Ölkədə narazılıq doğuran, iqtisadiyyatda geriləmələrə və ciddi narazılıqlara yol açan mənfi proseslərin əsas səbəbi kimi Fransa iqtidarının səriştəsizliyini diqqətə çatıran ekspertlər açıqlamalarında bildirirlər ki, Makron və partiyası Milli Assambleyaya qarşıdakı seçkilərdə də ciddi məğlubiyyətə uğrayacaq. Bu reallığı, Fransanın büdcə problemlərinin daha da pisləşdiyini hesabatında təsdiqləyən «Standard & Poor’s» reytinq agentliyinin açıqlamaları yanan ocağa Bakı neftinin əlavə olunması effektini yaratdı. Beləliklə, müxtəlif səviyyələrdə Fransanın qitə dövlətləri arasında ən güclü iqtisadiyyata malik olması iddiası da fiaskoya uğradı.

Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalistin, tanınmış bloqer və vətəndaş cəmiyyəti fəallarının, eləcə də Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə iyunun 13-də «Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu»” mövzusunda hibrid formatda dəyirmi masada müzakirələrin aprılacağı və mətbuat konfransı keçiriləcəyi ərəfədə neokolonialist ruhlu, nahaq qanlara bais olan Makronun düşdüyü vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil. Xəbər verildiyi kimi, Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə təşkil ediləcək mətbuat konfransında Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verməsi və bunun nəticəsində 10-dan çox dinc sakinin öldürülməsi, yüzlərlə insanın yaralanması və həbs edilməsi məsələləri, Fransa makronizminin pərdəarxası görüntüləri beynəlxalq ictimaiyyətə çatdırılacaq. Demokrtiyanın, insan hüquqlarının qənimi olan Makronun Yeni Kaledoniyaya girişi qadağan etməsi, komendant saatının tətbiqi, polis və jandarma qüvvələrinin törətdikləri vəhşiliklərin dünya ictimaiyyətindən gizlədilməsi, adanın əsl sahibləri kanakların fundamental hüquqlarının kobud şəkildə pozularaq ifadə və fikir azadlıqlarının məhdudlaşdırılması, ən əsası informasiya blokadasının tətbiqi dözülməz vəziyyət yaradıb. Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi olan neokolonializmlə mübarizə istiqamətində birgə əməkdaşlığın qurulmasının müzakirə ediləcəyi mətbuat konfransında Yeni Kaledoniyanın məsul nümayəndələri də iştirak edəcəklər. Aİ seçkiləri Makronun «Dağdan gəlib bağa sahiblənmək» müdrik kəlamına bənzəyən Cənubi Qafqaza nüfuz etmək niyyətinin, xəyalının da qarşısında «qırımızı işıq» yandırdı.

Fransanı iqtisadi tənəzzül vəziyyətinə salan Makronun erməni sevgisi yenə də başına bəla oldu. Siyasətin şahmat taxtasında ən zəif fiqurları seçən, «piyadalara» belə məğlub olan Makronun « şah» və «mat» seçimini düşünmək mərhələsinə çatmaq imkanı qalmadı.. Ölkəsinin tarixindən belə bixəbər, beynəlxalq aləmdə baş verənləri erməni düşüncəsi ilə dərk edən Makronun siyasətin «qırımızı işığı»na belə məhəl qoymaması fransızlar, avropalı həmkarları arasında nüfuzunun aşağı düşməsi ilə nəticələnir. Əsrlərdən bəri müstəmləkə altında saxladığı Afrikanın bəzi dövlətlərindən itin qovulduğu kimi çqovulan Makronun Cənubi Qafqaza yönələn «gəmisi» seçdiyi və həsrətində olduğu «limana» çatmamış «dəmir yumruq»un zərbəsini daddı. Özünə umac ovmağı bacarmayan, iqtidarlığının qürub çağını yaşayan Makronun Ermənistana əriştə kəsmək dövrü başa çatır.

Fransızlar belə etiraf edirlər ki, dövlətçilik tarixlərində bu cür səriştəsiz, siyasətdən bixəbər, səviyyəsiz, başa bəla başçıları olmayıb. Növbədənkənar parlament seçkiləri elan etməklə hakimiyyətinin sonunu yaxınlaşdıran bu siyasətbazın iqtidarsızlığını keçirilən rəy sorğusu da təsdiq edir. Ölkə əhalisinin 54 faizi parlamentin tərkibinin yenilənməsini, hakimiyyət dəyişikliyini müsbət qarşılayır. Artıq batan «Titanik» gəmisinin taleyini yaşayan Makronun öləziyən siyasi taleyində «neo» (yəni , yeni) adlı heç bir məhfum qalmayıb. Belə ki, onun hakimiyyəti tərk etməsi ilə Fransanın neokolonalizmi, dini radikalizmi dövlət səviyyəsində dəstəkləyən , islamofob düşüncəsi, türkçülüyə qarşı amansız rəftarı ilə fərqlənən makronizmə elə müsəlmansayaq «fatihə» oxunacaq.

Belə ki, Ukraynaya «döyüşçü, təlimçi göndərən», Ermənistanı öldürücü silahlarla təmin edən, komandasının etibarını belə itirən, əsgərsiz, silahsız qalan Makronun əlcəzairliləri öldürdükləri dədə-babadan qalma «beşaçılanı» da olmayacaq.

Avropa Parlamentinə seçkiləri qitə üçün « müharibəyə sürüklənməni” ləngitmək və ya dayandırmaq üçün bir fürsət olduğu qənaətini» açıqlayan Macarıstanın Baş naziri Viktor Orbanın təhlili də maraqlıdır: «Planlaşdırdığımız, istədiyimiz baş verdi, bu qatar yavaşladı, amma onu dayandırmaq da olar. Məsələn, Fransada siyasi yüksəliş başladı, ona görə də sülh partiyalarının əksəriyyəti qalib gəldi.» İlkin nəticələrdən sonra Makronun Milli Assambleyanın buraxılması ilə bağlı seçimini «Bu qərar ciddi, çətin, lakin hər şeydən əvvəl etimad aktıdır”» sözləri ilə izah edən Baş nazirin açıqlaması Makronun avropalı həmkarları arasında sıfıra çatan nüfuzunu təsdiqləyir.

Bu məqamda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Sən tarixi bilmirsən. Hətta Fransanın özünün tarixini bilmirsən. Türkiyə xalqına və Türkiyəyə qarşı durmağa çalışma. Makronun mənimlə bağlı hələ çox problemi olacaq» sözlərini həmkarları arasında siyasi kloun kimi tanınan Emmanuelə xatırlatmaq yerinə düşər.

Bir tövsiyəmiz də var. Makrona məsləhətimiz budur ki, Prezident İlham Əliyevin Cənubi Qafqazın gələcəyi ilə bağlı bu sözlərini qulağında sırğa etsin: « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»

Zaman öz sözünü elə sənin anladığın dildə dedi. Böyük sözünü dinlə, Makron, doğrudan da yetər artıq!

Xuraman İsmayılqızı, «İki sahil»