13 iyun 2024 02:16
289

Ara, o tora balıq düşməz...

Paşinyan ölməz Kaşşey kimi hər tələdən dipdiri çıxır

Hayastan müxalifəti, revanşıistlər, kilsə rahibləri, xarici ölkə casusları, daşnaklar və bədnam "Qarabağ klanı"nın başbilənləri, bir sözlə hər cür sür-süpürüntü yığışıb baş nazir Nikol Paşinyanı yıxmaq istəsələr də buna gücləri çatmır. Çünki hay cəmiyyəti Paşinyana açıq dəstək verir, baş nazir kürsüsündə başqasını görmək istəmir. Çünki onlar otuz il ərzində həmin "başqalarının" yol verdikləri nə qədər böyük hərbi cinayətlərin acılarını öz talelərində yaşayıblar.  Bəhs etdiyimiz bu birlik isə köhnə əyyamları qaytarmaq üçün dörd ilə yaxındır ki, müxtəlif variantları "dişlərinə vursa da" heç nə alınmır ki, alınmır. Revanşistlər inanırdılar ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra cəmiyyət baş nazir Paşinyana səs verməyəcək. Lakin hər şey tərsinə oldu. Nikolun komandası növbədənkənar parlament seçkilərində yenidən böyük üstünlüklə qalib gəldi. Parlamentdəki 104 deputat mandatından 71-nin sahibi oldu.

Paşinyan ölməz Kaşşey kimi dağıdıcı müxalifətin yaratdığı hər təhlükədən salamat qurtarır. Ona atılan bütün torlardan yan keçməyi bacarır. İndi də yeni bir tələ qurublar, əgər bu tordan da yayına bilsə, onda onu terror gözləyir. Lakin bu, dediyimiz kimi sonranın işidir.

Ermənistan müxalifəti bəyan edib ki, ölkənin baş naziri Nikol Paşinyan seçkiqabağı dövrdə hökumət başçısı vəzifəsini icra etməsə, deputat mandatlarından imtina etməyə hazırdır.

Xarici mediaya istinadla xəbər verilir ki, bunu “Ermənistan” müxalifət fraksiyasının katibi Artsvik Minasyan deyib: “Hakimiyyət bizə deyir, mandatlarınızdan imtina edin, erkən seçkilərə gedək! Problem deyil, onda onlar da imtina etsinlər. Həm biz, həm də onlar”. O, Paşinyanın istefasını ən vacib məsələ adlandırıb. Minasyanın fikrincə, siyasətçi bəyan etməlidir ki, baş nazir vəzifəsini icra etməyə iddia etmir. O, təklif edib ki, bu vəzifəni baş nazirin müavinlərindən biri tutsun.

Məsələnin ən incə və təhlükəli yeri də elə buradadır. Müxalifətdə baş sındıranlar belə bir manevrlə Paşinyanı əvvəlcə postundan aralayıb gücünü əlindən sakit formada almağı planlaşdırırlar. Qalan zərərsizləşdirmə işləri xeyli asan olar. Yəni, əlində möhürü olmayan, səlahiyyətlərini yerə qoyan birisindən yaxa qurtarmağa nə var ki! Görürsünüzmü, nə qədər hiyləgər və məkrli bir addımdır. Onların düşüncəsinə görə, hər şey belə asanca həll olunarsa "dartma, yaxam cırıldı"ya nə hacət var?

Şübhəsiz, Nikol da patavalı siyasətçidir və bu cür dayaza atılan torlara düşməz. O, artıq beşinci-altıncı badalağı heçə çıxarıb. Nikol başa düşür ki, hələlik ona qarşı duran ən güclü rəqib II Qareginin arxiyepiskopu olduğu kilsədir. Həmin kilsədir ki, iki yüz il hampaları qapaz altında saxlayıb. Baş keşişin rəyi  müsbət olmasa heç bir erməni böyük vəzifə tuta bilməzdi. Terrorların təşkilatçısı daim Eçmiədzin kilsəsi olurdu. İndi Nikol Paşinyanın arxiyepiskopa və ümumiyyətlə, kilsəyə qarşı çıxması hay cəmiyyətində təəccüblə qarşılanır. Hələ bu harasıdır? Artıq Nikol Paşinyan kilsənin və II Qareginin torbasını tikib başa çatdırmaq üzrədir. Kilsəyə külli miqdarda pullar gəlir ki, Paşinyanın tapşırığı ilə vergi orqanlarının "həzm-rabesindən" keçiriləcək, diasporun göndərdiyi pulların və toplanan ianələrin böyük bir qismi dövlət xəzinəsinə köçürüləcək və  beləliklə də II Qareginin maddi gücü əlindən alınaraq "köpü" yatırılacaq. Yəni, "birənin ya qanını aldın, ya da canını" fərqi yoxdur.

Vəli İlyasov, "İki sahil"