12 iyun 2024 13:07
315

Tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır

2021-ci ilin iyunun 15- də məhz Qurtuluş Günündə Türkiyə və Azərbaycanın tarixi köklərdən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri müttəfiqlik səviyyəsində Şuşa Bəyannaməsi ilə bir daha rəsmiləşdi. Müasir geosiyasi şəraitdə etibarlı strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dostluğu bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi daha yüksək səviyyəyə çatıb və çoxşaxəli sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçib.

Təbii ki, Ulu Öndərin xarici siyasətində önəmli tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir. Hərbi, iqtisadi və siyasi əməkdaşlığın bütün sahələr üzrə dönmədən genişlənməsi Prezident İlham Əliyevlə Prezident  Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Türkiyə müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə qeyd-şərtsiz dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir.

İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar, həmçinin Azərbaycanla Türkiyə arasında əlaqələrin arzuolunan formada inkişafı ötən əsrin əvvəllərində imzalanmış Qars müqaviləsindən də üstün yeni bir sənədin ortaya qoyulması zərurətini doğurmuşdu. Bu reallıqlar, eyni zamanda, bir-birinə ayrılmaz tellərlə bağlı olan iki türk dövlətinin gələcək inkişaf üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən, hüquqi çəkisi daha ağır və əhatəli olan sənədin imzalanmasını diktə edirdi. Bu baxımdan 2021-ci il iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi sarsılmaz birliyin, qardaşlığın ruhundan doğan, iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran, regionda mövcud siyasi-iqtisadi münasibətlərin təməlini qoyan mühüm sənəddir. Azərbaycan-Türkiyə əlaqələrinin demək olar ki, bütün sahələrdə inkişafının yol xəritəsinə çevrilmiş Şuşa Bəyannaməsi xüsusilə iki qardaş ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini daha dəqiq şəkildə ifadə edir. Bəyannamədə konkret olaraq hər iki dövlətdən hansısa birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə siyasi, diplomatik və digər əməkdaşlıqdan başqa, ehtiyac yaranarsa Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil olunması nəzərdə tutulub. Bu, hərbi gücümüzün birləşdirilməsi deməkdir. Sənəd, eyni zamanda, özündə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsini, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini ehtiva edir. Bəyannamədə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafını nəzərdə tutan ən mühüm müddəalardan biri isə dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsinin həyata keçirilməsi ilə bağlıdır.

Bəli, məhz iki qardaş xalqa yeni inkişaf tendensiyası bəxş edən Şuşa Bəyannaməsi doğmalıq münasibətlərini yeni bir mərhələyə qaldırdı. Yəni, bir sözlə, bu sənəd Türkiyə ilə Azərbaycan birliyini əbədiləşdirdi. Regionda və dünyada baş verən son hadisələr də Bəyannamənin nə dərəcədə önəmli olduğunu bir daha sübut edir, eyni zamanda, iki ölkə arasındakı müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatını sədri