12 iyun 2024 11:21
294

Qurtuluşdan başlanan yol müstəqilliyimizi və suverenliyimizi daimi etdi

“Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə hər kəsə məlumdur. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar vəzifəyə gətirilirdi.  Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başladılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri-birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş Komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.  Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər  Heydər Əliyevin hakimiyyətə qayıdışında  görürdü.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın  təkidli dəvətini qəbul edib Bakıya gəldi: “Ulu Öndər  hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və orada baş qaldırmış qiyamın qarşısını aldı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider  doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.   Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi Azərbaycanın müstəqilliyini daimi etdi, xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı və hüquqi, sivil, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliyə apardı.  Ümummilli Lider öz xalqını müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndərin  həyat amalının təntənəsidir.”

Əliabbas Salahzadə vurğulayıb ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir: “Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Dahi şəxsiyyətin adı ilə bağlı olan Milli Qurtuluş Gününün bu gün bütün ölkə ərazisində qeyd edilməsi qürurvericidir. Tarixi Qələbəmizdən üç il sonra, 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi bu qürurlu anlara yol açdı.  Artıq 9 aya yaxındır ki, Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə də dalğalanır. Bu qısa müddətdə Xankəndidə, Xocalıda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. 28 May-Müstəqilik Günündə Xocalı şəhərinə köçün başlaması, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı şəhərinə köçmüş sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim etmələri, həmçinin bu görüşdə sentyabr ayında Xankəndi şəhərinə də köçün başlanacağı müjdəsinin verməsi bunun bariz nümunəsidir.”

Millət vəkili onu da bildirib ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır: “Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirir.”

Əliabbas Salahzadə qeyd edib ki, Qurtuluş Azərbaycana davamlı uğurlar qazandırır: “Hazırda işğaldan azad edilmiş ərazilərimizin də beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi, buradan mühüm mesajların çatdırılması qürurvericidir. Dünyaya dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsini nümayiş etdirən Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin üç ili tamam olur. Bu üç il Azərbaycan-Türkiyə münasibətlərinin daha yüksələn xətlə inkişafı ilə diqqətdədir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər  əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin olunması üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirləri bu tarixi qardaşlığın mahiyyətini açıq şəkildə ifadə edir: “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk.”