11 iyun 2024 23:19
523

AZƏRBAYCAN-ÖZBƏK TEATR ƏLAQƏLƏRİ TARİXİNDƏN

Milli mədəniyyətimizin inkişafında mühüm yeri və mövqeyi olan Milli Azərbaycan teatrı  Şərq aləminin  ilk peşəkar teatrlarındandır. Yarandığı gündən Azərbaycan teatrı qarşılıqlı əlaqə, qarşılıqlı zənginləşmə və qarşılıqlı təsir prosesində inkişaf edir. Cənubi Qafqazın müxtəlif şəhərlərində, Orta Asiya, İran, Türkiyə və başqa yerlərdə dönə-dönə qastrolda olan Azərbaycan aktyorları fəaliyyətlərini daha da genişləndirir, çoxcəhətli yaradıcılıq axtarışları aparır, zəngin repertuarla çıxış edirlər. XX əsrin türk dilli xalqlarının nüfuzlu aktyorları ilk səhnə vərdiş və təjrübələrini də  Milli Azərbaycan Teatrında qazanmışlar.

Azərbaycan - özbək xalqları arasında olan ədəbi-mədəni əlaqələrin də zəngin və maraqlı tarixi vardır. Azərbaycan - özbək teatr əlaqələrinin tarixi isə XX əsrin əvvəllərinə təsadüf edir.

Keçmiş İttifaq respublikalarının müsalman xalqları arasında ən əvvəl yaranan Azərbaycan teatrı özünün klassik dramaturgiyası, görkəmli səhnə ustaları ilə özbək teatrının yaranmasına da təsir etmişdir. Azərbaycan teatrının Türküstana ilk qastrolu 1911-ci ildən başlayaraq tez-tez Orta Asiya şəhərlərinə gedib “Nadir şah”, “Ölülər”, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” və s. əsərləri tamaşaya qoymaqla tərəqqipərvər ziyalıların rəğbətini qazanmışlar. Bu qastrola Azərbaycan səhnəsinin böyük aktyoru Əhmədbəy Qəmərlinski rəhbərlik edirdi. Truppanın heyətinə Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Hüseynağa Hacıbababəyov, Cəlil Bağdadbəyov, Yunis Nərimanov, Ələkbər Hüseynzadə, Ələsgər Əsgərov, Heydər Məlikov kimi görkəmli sənətkarlar daxil idi. Görkəmli tədqiqatçı Qulam Məmmədli Azərbayjan teatrının Orta Asiyaya ilk qastrolu haqqında belə yazır: “Bu truppa Səmərqənddə M.F.Axundovun “Hacı Qara”, N.B.Vəzirovun “Yağışdan çıxıb yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, Ə.B.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” əsərlərini özbək tamaşaçılarına göstərir. Tamaşaların yüksək bədii siqləti və aktyorluq məharəti yerli əhalini heyrətə gətirdi. Azərbaycan musiqili teatrının Orta Asiyaya olan qastrolları özbək tamaşaçılarını milli teatr ilə tanış etməkdə əlahiddə məzmun kəsb etdi”. Əldə olan rəsmi sənədlər təsdiq edir ki, Əhməd Qəmərlinskinin rəhbərliyi ilə 1912-ci ildə Səmərqəndə gələn Azərbaycan artistləri N.Nərimanovun “Nadir şah” faciəsini tamaşaya qoyur. Səmərqənd mətbəəsində çap olunan proqramdan məlum olur ki, ifaçı çatışmadığı üçün artistlərin əksəriyyəti iki rolda çıxış edirdilər. S.Ruhulla–Şah Təhmasib, həm də Rzaqulu rolunda, Qəmərlinski–Nadir şah, həm də Gürü bəy rolunda. 1915-ci il noyabrın 23-də Daşkəndin Xivə teatrında, “Nadir şah” faciəsi yerli əhalinin xahişi ilə üçüncü dəfə tamaşaya qoyulur. Bu tamaşada Azərbaycan artistlərinin yetişdirdiyi yerli həvəskarlardan Qocayev, Sabiri, Fərəcov, Fəhmi və başqaları müxtəlif rollarda çıxış edirdilər. Proqramın axırında yazılıb ki, tənəffüs vaxtı və tamaşadan sonra arzu edənlər Bakıdan gələn xanəndələrə, tar və kamança çalanlara qulaq asa bilərlər.

Özbəkistanın görkəmli teatr tədqiqatçısı M.Rəhmanov isə Azərbaycan teatr kollektivinin Türküstana qastrolu haqqında  yazır: "1915-ci ildə Daşkənd və Kokandda Əhmədbəy Qəmərlinskinin rejissorluğu, Yunis Nərimanov, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə, Cəlil Bağdadbəyov, Hüseynağa Hacıbababəyov, Heydər Məlikov və başqalarının iştirakı ilə Azərbaycan Musiqili Teatr artistlərinin qastrolları maraqla keçdi. Truppanın heyətində bir qrup Azərbaycan muğamçıları, tarçı və kamançaçıları da gəlmişdi. Onlar ilk dəfə özbək tamaşaçılarına Ü.Hacıbəyovun “Məşdi İbad” musiqili komediyasını və N.Nərimanovun “Nadir şah”, Rzayevin “Cəhalət”, Molyerin “Zoran təbib”, Ə.B.Haqverdiyevin “Pəri cadu”, “Dursunəli  və  ballıbadı”  kimi  tamaşaları  və  əlvan  konsert proqramları ilə tanış etdilər".

S.Ruhullanın rəhbərliyi ilə 1916-cı ildə Azərbayan artistlərinin Türküstan şəhərlərinə ikinci qastrolu olur. Bu qastrol zamanı özbək tamaşaçıları “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi operetta və musiqili komediyalara baxırlar. Bu tamaşalar haqqında “Vaxt” qəzetində məlumat dərc edilmişdir. Orada yazılır: “Noyabrın 12-də (1916) Bakı artistləri tərəfindən “Leyli və Məcnun” operası oynanıldı. Bu, Daşkənddə müsəlmanların birinci opera tamaşası idi. Qafqaz artistləri öz məharətlərini açıq göstərdilər. Milli teatrın işlərini yaxşı bilən artistləri bu yerə tez-tez gəlib tamaşa versələr, bu yerdə səhnəyə çıxan həvəskarlara yaxşı faydalı dərs olar. Gənclərimiz öz səriştələrini artırarlar".

1911-ci ildən başlayan Azərbaycan-özbək teatr əlaqələri zaman keçdikcə daha da genişlənir. Həmin ildən başlayan Azərbaycan teatr truppalarının Özbəkistana qastrolları müntəzəm davam edir. Azərbaycan aktyor və rejissorları özbək teatr həvəskarlarına həvəslə köməklik etməyə başlayırlar. Türküstana gələn əksər Azərbaycan aktyorları göstərdikləri tamaşalarına yerli teatr həvəskarlarından cəlb edir və bu yol ilə onlara teatr təlimi keçir, həm də göstərdikləri tamaşaları xalqa daha yaxşı çatdırmaq üçün əsərləri özbək dilinə tərcümə edirdilər.

Azərbaycan aktyorlarının özbək teatr həvəskarlarına köməkliyi barədə M.Rəhmanov yazır: “1916-cı ilin 30 dekabrında isə özbək həvəskarları “Leyli və Məcnun” operasını özbək dilində səhnələşdirdilər. Bu tamaşanı görkəmli Azərbaycan aktyoru S.Ruhulla səhnəyə qoydu. Özü isə Məcnun rolunda çıxış etdi. Bu tamaşa gənc özbək artistləri üçün bir məktəb rolunu oynadı".

Gənc özbək truppalarının Azərbaycan dramaturgiyasına müraciət etmələrində bu əlaqələr tam öz əksini tapmaqdaydı. 1916-cı ildən başlayaraq “Məşədi İbad”, “Ölülər”, “Əsli və Kərəm”, “Müsibəti-Fəxrəddin”, “Xor-xor”, “Hacı Qara”, “Leyli və Məcnun”, “Arşın mal alan” kimi onlarla əsər özbək dilinə tərcümə edilərək tamaşaya qoyulur. S.Ruhulla və Ə.Qəmərlinski kimi məşhur səhnə ustalarının yaradıcılıq fəaliyyəti yerli ziyalıları ruhlandırır, onlara qol-qanad verirdi. Özbək teatrının yaradıcısı, dramaturq və bəstəkar Həmzə Həkimzadə Niyazinin Kokand şəhərində  təşkil etdiyi “Gülüstan” dram dərnəyi Bakıdan gələn artistləri dərin hörmətlə qarşılamışdı. Görüş münasibətilə “Nadir şah” faciəsi 1917-ci il noyabrın 21-də Kokand tamaşaçılarına  yenidən göstərilir. Bu dəfə quruluşçu rejissor S.Ruhulla, onun köməkçisi isə əsəri yerli şivəyə  çevirən Abdulla Eynulin idi. Bu illərdə Azərbaycan dramaturgiyasına və onun səhnə sənətinə maraq daha da artır. Bu cür əlaqələrin artması özbək tamaşaçılarının mənəvi və bədii estetik zövqlərinin inikişafında mühüm rol oynayır. S.Ruhullanın aktyorluq və rejissorluq fəaliyyəti gənc özbək aktyoru və rejissoru Mannon Uyğuru məftun edir. Həmin illərdən başlayaraq onlar bir-birləri ilə əlaqə saxlayır, həmkarlıq edirdilər.

Azərbaycan Musiqili Teatrının Özbəkistana qastrolu gənc dramaturq Qulam Zəfəriyəyə də güclü təsir göstərir. Onu musiqili əsərlər yazmağa həvəsləndirir. O, Azərbaycan dramaturgiyasından faydalanaraq iyirminci illərdən etibarən “Həlimə”, “Tuyğunoy” və başqa musiqili  əsərlərini yazır. Azərbaycan aktyorlarının qastrolları barədə o, belə yazır: “1916-cı ilin axırlarında Bakıda Sidqi Ruhulla, Əhmədbəy Qəmərlinski, həm də Yunis Nərimanov yoldaşlar gəlib teatr həvəskarlarımıza teatrda oynamaq yollarını göstərib getdilər". “Uzqarışçı eşlar” jurnalı yazırdı: “Bu zaman dramaturq Xurşud isə Azərbaycan səhnə əsərlərini tərcümə edir və Azərbaycan musiqili əsərlərinə nəzirə yazır. O, xalq dastanları əsasında “Fərhad və Şirin”, “Leyli və Məcnun” kimi özbək musiqili dramlarını yaradır.

Azərbaycan artistlərinin özbək teatr həvəskarlarına köməyindən danışarkən qeyd etmək lazımdır ki, bu sahədə Ələsgər Əsgərov və Mirəkbərxanın da xidmətləri böyük olmuşdur. Ələsgər Əsgərov Səmərqənd və Daşkənddə ilk özbək teatrının təməlini qoyanlardan biri olmuşdur. O, 1911-ci ildə Türküstana Azərbaycan truppasının tərkibində gəlir. “Türküstan vilayəti” qəzetində göstərilir ki, o, “Keçi salam”, “Xor-xor” əsərlərini tamaşaya qoyur. Lakin o, təşkil edilən özbək truppalarında həmişəlik işləmir. Amma onun Türküstanda 1914-1915-ci illərdə teatr fəaliyyəti davam edir. Bu illərdə o, Türküstanın şəhərlərini gəzir, yerli teatr həvəskarlarını toplayır və tamaşalar hazırlayır. Özü də bu tamaşalarda baş rollarda çıxış edir.

"Ayna" jurnalının 38-ci nömtəsində qeyd edilir ki, Mirəkbərxan öz truppası ilə 1914-cü ilin ikinci yarısında Səmərqəndə gəlir və orada “Əski Türkiyə”, “Daşım-daşım”, “Dursunəli və ballıbadı” kimi əsərləri tamaşaya qoyur. “Hürrüyyət” qəzetinin 21 iyun 1917-ci il tarixli  nömrəsində göstərilir ki, o, Səmərqənddə Əbdülrauf Fitrətin təşəbbüsü ilə 1917-ci ilin fevralında təşkil olunan “Türküstan teatr, musiqi və ədəbiyyat” dərnəyinə rəhbərlik edir. “Nicat” qəzetinin 1917-ci il tarixli nömrəsindən oxuyuruq: “Mirəkbərxan 1917-ci ilin əvvələrində Daşkəndə gəldi və burada “Hilal” truppasını təşkil etdi. Bu truppa Daşkənddəki “Çölpan” truppası ilə birləşib “Hürriyyət qurbanları” əsərini səhnəyə qoydu. Onun teatr fəaliyyəti Daşkənd ziyalılarının diqqətindən yayınmır. Odur ki, 1918-ci ilin baharında onu Daşkənddə yaradılan birinci sovet truppasının rəhbəri vəzifəsinə təqdim edirlər". Məlum həqiqətdir ki, əvvəllər Azərbaycan aktyorlarından dərs alan yerli həvəskarlar öz peşələrini təkmilləşdirərək, teatr səhnəsində ustalaşır və hər iki xalq arasında yaranan mədəni əlaqələrin möhkəmlənməsinə böyük səy göstərirdilər.

Qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə Azərbaycandakı ictimai-siyasi vəziyyətlə əlaqədar Azərbaycanın görkəmli teatr sənətkarları fəaliyyətlərini ancaq ölkə daxilində aparmış, kənar respublikalara səfər edə bilməmişdir. Bu hal özünü Türküstanda dərhal göstərmişdir. Odur ki, Şərq xalqları qurultayının vəkilləri Qazı Yunis və Əbdülhəmid Süleyman Türküstanda incəsənətin vəziyyəti ilə əlaqədar müraciətdə bildirmişdir: “...Türküstanda səhnə vardır, fəqət əsaslı və sənətkar deyildir. Türküstanda əsərlər də vardır ki, fəqət xalqa ruh verməkdən uzaqdır. Türküstanda aktyor da vardır, istedadları böyükdür, fəqət rəhbər yox olduğundan öz bildiyi qədər səhnədə sürüklənmiş və məqsədinə çata bilmədiyindən, əksəri səhnəni tərk etmişdir. Türküstana müqtədir bir rəhbər, bir çox teatr əsərləri lazımdır ki, o böyük qüvvələri işə sala bilsin. Biz bunu yuxarıda dedik ki, Qafqasiyadan başqa bir yerdən ümüd edə bilmərik. Həm inanırıq ki, ümüdimüz boş yerə gedəcək deyildir”.

Odur ki, 1920-ci ildən başlayaraq Orta Asiya respublikalarına istər kadr cəhətdən, istərsə də səhnə əsərləri cəhətdən hər cür yardımlar edilirdi. S.Ruhulla, Şəbustəri, Azəri, Xədicə xanım, Q.Məmmədli, Yəhya Şükürov, Muxtar Abdullayev, Əsgərzadə, Qasımzadə, Əzizzadə, Ələkbər Hüseynzadə, Məmməd, Əmir Dadaşlı kimi tanınmış sənətkarlar vaxtaşırı Orta Asiya respublikalarında qastrolda olur. Onlar H.Cavidin “İblis”, M.F.Axundovun “Vəzir xanı Sərab”, Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun”, Ə.B.Haqverdiyevin “Pəri cadu”, “Bəxtsiz cavan”, N. Nərimanovun “Nadir şah”, N.B.Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Yağışdan çıxdıq yağmura düşdük”,  R.Şərqinin “Qaplan Paşa” kimi tamaşaları sənətsevərlərə təqdim edirlər. Qulam Məmmədli qeyd edir ki, azərbaycanlı Mirzə Həbib Axundzadə Buxarada xalq maarif şöbəsi yanında ilk müstəqil teatrının təşkilinə nail olur. İlk tamaşa Ü.Hacıbəyovun tacik dilinə tərjümə edilmiş “O olmasın, bu olsun” komediyası (musiqili) yanvar ayında (1921) oynandı. Tamaşa açıq havada verilirdi. İkinci tamaşa “Arşın mal alan” idi. Tamaşa üçün lazım olan hər şey Kokandda (Yeni Buxara) yaşayan azərbaycanlılardan toplanmışdı. Axundzadənin yaratdığı truppa qastrola çıxıb Kərgi, Cərco, Amu-Dərya boyundakı digər şəhərlərdə tamaşalar verirdi. Əldə etdiyi məbləği maarif komissarlığının xeyrinə sərf edərdilər.

Azərbaycan teatrının eyni zamanda Orta Asiya xalqlarının, Dağıstanın eləcə də Krımın, bir sözlə-türk dilli xalqların səhnə müəssisələri üçün də kadr hazırlanmasında misilsiz xidmətləri olmuşdur. 1924-25-ci illərdə özbək teatrına peşəkar teatr mütəxəssisləri aktyorlar yetişdirmək məqsədilə Özbəkistanın yerli gənc istedadları içərisindən seçilərək 25 nəfəri o vaxtkı Bakı Teatr Texnikumuna qəbul edilir. Həlimə Nəsirova, Seyfi Alimov, Nəzirə Əliyeva, Zuxur Kabulov, Yaqdulla Dəlurbayev, Hökümə Xodtyeva, Baba Xodtayev, Kərim Yaqubov, Rəhimberdi Babacanov, Altı Karlıyev (türkmənistanın tanınmış aktyor və rejissoru olmuşdur)  Bakı Teatr Texnikumunun yetirmələrindəndir. Həmin bu gənc aktyorlar Özbək teatrının inkişafında böyük rol oynamışlar. Özbək teatrını təhsilli aktyorlarla təmin etmək məsələsi sonrakı illərdə də davam etmişdir. O dövrdə keçmiş SSRİ-nin türkdilli respublikalarında teatr təhsili təkcə Azərbaycanda–Bakıda idi. Gənc özbək qızı Nəzirə Əliyeva Bakı Teatr Texnikumunda oxuyurdu. Azərbaycanca çox səlist və sərbəst danışdığı və istedadı nəzərə alınaraq Azərbaycan Dövlət Dram Teatrına aktyor ştatına götürüldü. Qısa müddətdə maraqlı obrazlar ifa etdi. Özbəkistana gedəndən sonra oranın xalq artisti fəxri adına qədər yüksəldi.

SSRİ Xalq artisti Həlimə Nəsirova isə Bakı Teatr Texnikumunda təhsil aldığı illəri xatırlayaraq, “Gəncliklə görüş” adlı məqaləsində yazır: “Mənim–çoxlu təsərrüfatlardan karıxmış, heyrətə düşmüş cəsarətsiz, ürəksiz bir qızın–Bakı teatr texnikumunun kandarına ayaq basdığım gündən indiyə kimi 50 il keçib. Hər aktyorun həyatında ən vacib, ən zəruri iş kimi mənə, sənətə titrək münasibət aşılayan müdrik və xeyirxah müəllimlərimlə mən məhz burada görüşmüşəm. Adətən uşaqlar çox həssas olurlar: mən elə indi də pedaqoqlardan və rejissorlardan Tuqanovun, Sladkopebtsin, Kirmanşahlının dərslərini minnətdarlığını xatırlayıram.  Biz Özbəkistandan olan şagirdlər, təkcə ixtisasımızı, peşəmizi deyil, dili və ədəbiyyatı da öyrənirdik. Bizi patriot kimi tərbiyə edirdilər, öz nümunələrində zəhmətsevərlik öyrədirdilər, beynəlmiləl və humanist hisslər aşılayırdılar. Və bütün bunları mən indi xatırladığım kimi, dönmədən, inadla, amma yeni şəraitə hələ tam alışmamış gənclərin hisslərini dərindən duyaraq edirdilər”.

Teatr məktəbinin məzunları içərisində azərbaycanlılarla yanaşı müxtəlif millətlərin–rusların, özbəklərin, türkmənlərin, tatarların, taciklərin, yəhudilərin də  nümayəndələri vardı. Onlar Daşkənd, Tibilisi, İrəvan, Səmərqənd, Aşqabad, Mahacqala, Dərbənd, eyni zamanda Moskva, Lvov və digər şəhərlərdəki teatrlarda uğurla fəaliyyət göstərmiş və hazırda da göstərməkdədirlər. Burada keçmiş SSRİ xalq artisti və digər müttəfiq respublikaların xalq və əməkdar artisti fəxri adlarına layiq görülmüş K.Miyakişiyev, B.Çinkin, V.Şirye, P.Ginzburq, Q.Koltunova, A.Falkoviç, L.Varşavski, T.Razumovskaya... kimi şöhrətli sənətkarların adlarını xatırlamaq yerinə düşər.

Həm Azərbaycanda, həm də digər şəhərlərdə çalışan Bakı Teatr Texnikumunun bütün məzunları təhsil illərini, öz müəllimlərini həmişə böyük məhəbbətlə xatırlayaraq burada möhkəm professional kurs keçdiklərini xüsusilə qeyd etmişdilər.

Özbək Sovet Teatrı (Uzbekskiy Sovetskiy Teatr) kitabında yazılır: “Bakı texnikumunda təhsil aldıqları dövrdə özbək tələbələri C.Cabbarlının “Aydın”, Molyerin “Corc Danden”, ingilis dramaturqu B.Tomasın “Tetka Çarleya” (“Çarleyin xalası”), Bill Beloserkovskinin “Exo” (“Əks səda”),  D.Furmanovun “Myatec” (“Qiyam”), Loli Seyfulinin “Krov i voda” (“Qan və su”), Qoqolun “Revizor” (“Müfəttiş”) əsərlərini tədricən tamaşaya hazırlamaqla onlarda tamaşalara qurulmuş vermə qabiliyyəti formalaşdırılırdı”.

Özbək tələbə gənclərin formalaşmasında, teatr sənətinin real ənənələr əsasında inkişafında Bill-Beloserkovskinin “Exo” (“Əks səda”), D.Furmanovun “Myatec” (“Qiyam”), Loli Seyfulinin “Krov i voda” (“Qan və su”), Qoqolun “Revizor”  (“Müfəttiş”), C.Cabbarlının “Aydın” əsərlərinin rolu çox böyük olmuşdur. Rejissor A.Tuqanovun, S.Kirmanşahlının xidmətləri də inkaredilməz faktdır. Mannan Uyğur “Revizor” Həmzə adına teatrın səhnəsində” məqaləsində Qoqolun anadan olmasının 100 illiyi münasibətilə yazırdı: “Demək olar ki, Abrar Hidayətovun bir realist aktyor kimi formalaşmasında bu əsərin çox böyük rolu olmuşdur”.

1925-ci ilin yayında Özbəkistanlıdan olan Bakı texnikumunun tələbələri ilk dəfə olaraq öz tamaşalarını Səmərqəndə (o vaxt Özbəkistanın paytaxtı Səmərqənd şəhəri idi) aparırlar və orada Molyerin “Skunoy” (“Xəsis”) tamaşasını göstərirlər. 1926-cı ilin iyulunda isə Qoqolun “Revizor” (“Müfəttiş”), Bill Beloserkovskinin “Exo” (“Əks səda”), C.Cabbarlının “Aydın”, Molyerin “Corc Danden” əsərlərini Kokand və Əndicanda özbək dilində tamaşaya qoyurlar. “Pravda Vostoka” qəzetində 1926-cı ildə tamaşalar haqqında ilk resenziyalar yazılır.

Bakı Teatr Texnikumunda təhsil alan özbək tələbələr (birinci buraxılış) qastroldan qayıtdıqdan sonra nümunəvi özbək teatr truppasının 1927-ci ildə adı dəyişdirilərək Özbək Dövlət Dram Truppası adlandırılır. Bununla da özbək teatrının fəaliyyətində yeni dövr başlanır. Bakı Teatr Texnikumunun məzunlarından Seyfi Alimov, Zuxur Kabulov, S.Dcurabayev Özbəkistan Dövlət Dram truppasında fəaliyyətə başlayır.

Bu dövrdə Özbəkistan Rus Teatrının və eləcə də özbək teatrının həyatında çox böyük dəyişiklik olur. Belə ki, Bakı Dövlət Rus Teatrının Özbəkistana qastrolları (1923-1926) olur. Truppanın B.Romaşovun “Vozduşnıy piroq” (“Hava şarı”) əsərinin uğurlu tamaşası özbək həvəskarlarını məftun edir.

Bakı rus teatrının Səmərqənd teatrının realist sənət yolu ilə inkişafında xidmətlərini qeyd edən Abid Cəlilov  yazırdı: “Həmin vaxtı mənim teatrda həqiqi və daimi sənət işim başladı”. Səmərqənd Özbək Teatrı böyük müvəffəqiyyətlə Ü.Hacıbəyovun “Arşın mal alan” (1926) əsərini tamaşaya qoyur. “Fərqanə” qəzetində verilən məlumata görə komik aktyor Mirşahid Vəli rolunu, Abid Cəlilov Gülçöhrənin atası Sultanbəyi, Şakir Əsgər rollarını yaxşı oynadılar.

Bu dövrdə yaranmış münbit şəraitdən istifadə edən Səmərqənd teatrı repertuarını tərcümə əsərlər hesabına zənginləşdirir. Onlar repertuarında rus və Avropa ilə yanaşı Azərbaycan dramaturgiyasına müraciət edirlər. 1925-1926-cı teatr mövsümündə Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettası repertuarın bəzəyi olur. O dövrdə tamaşaya qoyulan tərcümə əsərləri hesabına teatr realist sənət yolunda büdrəmədən inamla addımlayır.

Teatrın kollektivi qeyd edildiyi kimi Ü.Hacıbəyovun əsərlərinə repertuarında xüsusi yer verirdi. Odur ki, onun “Ər və arvad” operettası da tamaşaya qoyulur. Tamaşa haqqında yerli qəzetlərdə mütəmadi rəylər dərc olunurdu. Həmin qəzetlərdə Ü.Hacıbəyovun “Ər və arvad” komediyasında M.Mirkamilovun istedadla yaratdığı obrazı işıqlandırılırdı. Ü.Hacıbəyovun “O olmasın, bu olsun” operettası Fatma Kamalovanın ustalıqla yaratdığı  Gülnaz obrazı seçilirdi. Bu barədə yerli mətbuatda rəylərlə rastlaşırsan.                     

Bir sözlə qeyd etmək yerinə düşərdi ki, Azərbaycan-özbək teatrının əlaqələri XX əsrin əvvəlindən başlamış, Azərbaycan teatrı özbək teatrının yaranmasında və təşəkkülündə yorulmadan və inadla mübarizə aparmış, məqsədinə nail olmuşdur. Bu gün də bu əlaqə qarşılıqlı şəraitdə davam edir.

Onu da qeyd edək ki, elə bu günlərdə Daşkənddə Azərbaycan Mədəniyyəti ongünlüyü öz işinə başlayıb. Bu çərçivədə yeni səhnə əsərləri da özbək  tamaşaçılarına təqdim olunur ki, bu da iki qardaş ölkə arasındakı mədəni əlaqələrin inkişafında böyük rol oynayacaqdır. Bundan sonra da Azərbaycanın klassik və çağdaş dramaturgiyasının əsərləri özbək səhnəsində uğurla tamaşaya qoyulmaqla bu ənənənin yeni-yeni səhifələri açacaqdır.

Əldə olunan sənədlərdən məlum olur ki, iyirminci əsrin ikinci onilliyindən başlanan Azərbaycan özbək xalqları arasında teatr əlaqələri sonrakı illərdə daha geniş vüsət alıb genişlənmiş, gənc aktyor və rejissor nəslinin yetişməsində, yeni-yeni mədəni əlaqələrin yaranmasında mühüm rol oynamışdır. Bu əlaqələri dərindən və genişliyi ilə araşdırıb tədqiq etmək, gələcək nəsillərə çaşdırmaq müasir teatrşünaslığın ən ümdə vəzifəsidir.

Əli Qəhrəmanov,
AMEA Naxçıvan  Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu,
Musiqi və Teatr şöbəsinin müdiri,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent