12 iyun 2024 00:47
303

Azərbaycan Ermənistandan tələb edir ki...

Otuz ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla nizamlamaq istəməyən bir qurumun özü bu gün sülh müqaviləsinin imzalanmasında əngələ çevrilib. Ona görə də Azərbaycan adını  "beynəxalq" qoymuş bu  qurumun vasitəçiliyindən qətiyyətlə imtina edir. Yəqin söhbətin hansı qurumdan getdiyi anlaşıldı. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvandan tələb etdiyi addımlardan biri də ATƏT-in artıq "dəfn" edilmiş Minsk qrupu ilə bağlıdır. Rəsmi Bakının tələbinə əsasən, keçmiş münaqişə vəziyyətinin həllini nəzərə alaraq yaradılmış, əslində, heç bir iş görməyən Minsk qrupunun buraxılması ilə bağlı rəsmi İrəvan da öz mövqeyini ortaya qoymalıdır. Çünki bu qurum uzun illər dolayısı ilə işğalı dəstəkləyib və ümidlərini ona bağlamış xalqların gözləntilərini param-parça edib. Daha pisi orasıdır ki, Minsk qrupu etdiyi ədalətsizlikdən, ikiüzlülükdən və zülmkarlıqdan hələ də əl çəkmək niyyətində deyil. Yəni, sonuncu əlyerindən də istifadə etməyə calışır. Necə deyərlər, "donuzdan bir tük çəkmək də qənimətdir." Ona görə də bu qrup Ermənistan üçün hələ də hansısa mənafe və mənfəətlər vəd etdiyindən rəsmi  İrəvan "ölmüş" Minsk qrupunun "dirilməsində" maraqlı görünür. Təbii ki, burada maraqlar birtərəfli olmayıb hər iki tərəf üçün sərfəlidir. Ancaq Ermənistan sülh əldə etmək üçün bu qrupu "qurban" verməli olacaq. İrəvan köhnə stereotiplərdən nə qədər bərk yapışmağa cəhd göstərsə də zaman onun əleyhinə işləyir. Hazırda isə vəziyyət onlara başqa şeylər diktə edir, yəni, bizim dediyimiz olmasa Ermənistanı xoşagəlməz hadisələr gözləyir. Yorulmuş hay cəmiyyəti isə Nikol Paşinyanı müharibə əleyhinə olduğuna görə dəstəkləyir. Yoxsa baş nazir kürsüsündə bir gün də otura bilməz. Hazırda İrəvanda baş verən etirazlar buna dəlalət edir. Odur ki, Paşinyan "ələkçiyə tük verənləri" özündən uzaqlaşdırmalı, sülhə gedən yoldakı bütün əngəlləri aradan qaldırmalıdır. O cümlədən ATƏT-in bədnam Minsk qrupunu da.

ATƏT Ermənistanı saxlayan, onlara biznes layihəsi kimi gəlir gətirən prosesi dəstəklədiyi üçün İrəvan bir növ “əhdə vəfa etməlidir." Uzun illərin acı təcrübəsindən yaxşı bilirik ki, Minsk qrupunun həmsədrlərinin hər üçü daim Ermənistanı dəstəkləyən dövlətlər idi. İndi yenə də ABŞ və Fransa Ermənistanın təxribatlarını dəstəkləyir, ona müxtəlif hərbi-siyasi yardımlar göstərir. Ancaq Azərbaycan ATƏT-in bədnam Minsk qrupundan imtina edib. Beynəlxalq hüquqa görə, hər hansı bir dövlət yaradılmış beynəlxalq təşkilatdan geri çəkilirsə, bunu 6 ay əvvəldən rəsmi şəkildə bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev artıq bunu dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib və həmin 6 ay müddət də keçib. Beynəlxalq hüquqa əsasən, ratifikasiya olunmuş qərardan imtina etmək lazımdır. Şübhəsiz ki, Azərbaycan rəhbərinin sözü qətidir və parlamentimiz də öz sözünü deyəcəkdir.

Doğrudur, Minsk qrupunun yarıtmaz fəaliyyətinə görə işğal olunmuş ərazilərimiz uzun illər düşmən tapdağında qaldı. Sərvətlərimiz talan edildi, günahsız soydaşlarımız onların gözləri qarşısında vəhşicəsinə  qətlə yetirildilər. Erməni vandallar daşıya bildiklərini apardılar, qalanını dağıtdılar və ya od vurub yandırdılar. Bir sözlə, böyük itkilərə məruz qaldıq.  Ancaq Minsk qrupunu təmsil edənlər şərəflərini itirdilər, onlara inam özülünə qədər sarsıldı və etibarsız, ləyaqətsiz bir yığnağa çevrildilər. Kim daha çox itirdi? Əlbəttə, ədalətsiz, ikiüzlü, yalançı, heç nəyə yaramaz, adının şərəfini qoruya bilməyən Minsk qrupu. Bu epitetləri öz bədxah əməlləri ilə qazandı. Bizə qarşı törətdiklərindən, ədalətli münsifliyi bacarmadığını öz əməlləri ilə sübut edəndən sonra hansı xalq öz taleyini bu quruma tapşırar? Heç bir xalq! Bizə vurulan zərbələr və yaralar nə vaxtsa sağalacaq, dağıntılar aradan tamamilə qaldırılacaq, şəhər və kəndlərimiz əvvəlkindən də baxımlı olacaq, keçmiş məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacalar. Amma Minsk qrupu tarixin qara səhifələrindən birində həmişə nifrətlə yad ediləcəkdir. Gələcək nəsillərimiz bu ada rast gələndə onların sifətinə "tfu" deyəcək.

Vəli İlyasov, "İki sahil"