11 iyun 2024 13:07
200

15 iyun-Milli Qurtuluş Günü xalqın özünəinamının bərqərar olduğu tarixi gündür

15 iyun-Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib çıxma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan –Ulu Öndər Heydər Əliyevdir.

Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Həmin dövrün acı mənzərəsi belə idi: 1993-cü ilin yazında Ermənistanın işğalı genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri çəkilirdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını qarşısıalınmaz  prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki,  belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi  Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta  saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ölkə vətəndaşları bilirdilər ki, Heydər Əliyev əsl dövlət xadiminə xas müdrik şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan liderdir. İnsanlar anlayırdılar ki, dövləti iflasa aparan xaotik durumun qarşısını almağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Ancaq o dövrdəki qaragüruhçu hakimyyət Ulu Öndərin qarşısını kəsir, onun xalqla təmasına hər vasitə ilə mane olurdular. Həmin illərdə Ulu Öndərlə bağlı ən adi informasiyalar belə hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı və  iqtidardakılar Ümummilli Liderin Naxçıvan  Muxtar Respublikasındakı uğurlarına qısqanclıqla yanaşırdılar.

 Lakin artıq Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısında idi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar. Azərbaycan ziyalıları, o cümlədən sadə insanlar Ümummilli Liderə müraciətlər edərək ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün məhz onun hakimiyyətə gəlməsinin vacibliyini vurğulayırdılar.

Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yalnız Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaqla, dövləti iflas olmaqdan xilas etməklə bitmədi. Eyni zamanda, sonrakı illərdə bu dövləti möhkəmləndirərək bölgənin sabit və inkişaf edən ölkəsinə çevirdi. Qısa müddətdə inkişaf edən Azərbaycan şərtlər qəbul edən ölkədən şərtlər diktə edən ölkəyə çevrildi. Sonrakı illərdə böyük şəxsiyyət dövlət quruculuğunun konsepsiyasını işləyib hazırladı. 1993-cü ilin iyun ayından götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə «Əsrin müqaviləsi» və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi.

Təbii ki, müasir Azərbacanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi  siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş siyasəti davam edir. Bu siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Xüsusilə Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən şərəflə yerinə yetirilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti əmin əllərdədir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri