11 iyun 2024 12:06
139

Dövlət başçısının Misirə səfəri əlaqələrimizin yüksək səviyyədə olduğunun göstəricisidir

Misir Şimali Afrika və Yaxın Şərqdə, Azərbaycan isə Cənubi Qafqazda yerləşir. Bu ölkələr arasında əlaqələrin inkişafı onların beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə və təsir dairələrinin genişlənməsinə kömək edə bilər.

Misir 100 milyondan artıq əhalisi olan güclü bazar iqtisadiyyatına və strateji coğrafi mövqeyə malik böyük İslam dövlətidir. Son illərin təcrübəsi göstərir ki, modern müsəlman dövləti nümunəsi kimi Azərbaycan BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər platformalar çərçivəsində fəaliyyəti ilə müasir və uğurlu İslam adət-ənənəsinə malik dövlətçilik nümunəsi yaratmaqla, çağdaş dövrdə daşlaşmış trendlərdən olan anti-İslam hücumlarının önündə dayanan ölkədir.

İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər. Misir Prezidenti bəyanatında bildirib ki,  bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara aldıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin.

Daha sonra Prezident İlham Əliyev bəyanatında bildirib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar.

Bir sözlə, Prezident İlham Əliyevin Misirə səfəri, həm də Azərbaycanın Ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunun göstəricisidir

Ülkər Məmmədzadə,
6 saylı Bakı “ASAN” xidmət mərkəzinin baş mütəxəssisi,
YAP Xətai rayonu təşkilatının üzvü