11 iyun 2024 11:46
229

Azərbaycan-Misir əlaqələri yeni mərhələdə

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə səfəri olub. Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açıldı.Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirildi.Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olundu.Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşü olub.

Qeyd etmək lazımdır ki,Azərbaycan və Misir arasındakı əməkdaşlığın qədim tarixi kökləri var.Hələ Sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub.Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. 4 aprel 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda və 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdəndir. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanıb.

1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfər edib. Səfər çərçivəsində o, Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Görüş zamanı Azərbaycanla Misir arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib.

İki ölkənin prezidentləri Heydər Əliyev və Hüsnü Mübarək həmin ilin dekabrında Kasablankada İslam Konfransı Təşkilatının zirvə toplantısında da görüşüblər. Həmin görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərəb dünyası ilə əlaqələri müzakirə olunub.Azərbaycan inşaat, əczaçılıq, kənd təsərrüfatı, eləcə də təhsil, mədəniyyət, informasiya texnologiyaları sahəsində Misirlə əməkdaşlığa maraq göstərir. Bundan əlavə, azad iqtisadi zonaların yaradılması, yeni elektrik stansiyalarının tikintisi, şəkər istehsalı, əczaçılıq sənayesinin inkişafı ilə bağlı müxtəlif layihələr hazırlanıb. 

Daha sonra isə Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilib.Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi, bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulandı. Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu.

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olundu.

Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olundu.

Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulandı.Görüşdən sonra Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub.Cənab Prezident İlham Əliyevin bu səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü