11 iyun 2024 01:15
251

Şuşa Bəyannaməsi: Əbədi birliyin təsdiqi...

Dünyada baş verən son hadisələr Azərbaycan-Türkiyə müttəfiqliyinin geostrateji əhəmiyyətini daha da artırır

İyunun 15-də Türkiyə və Azərbaycanın tarixi köklərdən qaynaqlanan sarsılmaz dostluğunu, səmimi qardaşlığını çoxvektorlu müttəfiqlik səviyyəsində rəsmiləşdirən Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ili tamam olur. Bu Bəyannamənin imzalanması və müddəalarının həyata keçirilməyə başlanması ilə iki qardaş ölkənin münasibətləri yüksək səviyyəli əməkdaşlığın bənzəri olmayan nümunəsinə çevrilib. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq müstəvidə bir-birinin haqq səsinin carçısı olub.

Müasir geosiyasi şəraitdə etibarlı strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dostluğu bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi daha yüksək səviyyəyə çatıb və çoxşaxəli sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçib.

Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda mühüm yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir. Əməkdaşlığın bütün sahələr üzrə dönmədən genişlənməsi Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti  Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Türkiyə müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə qeyd-şərtsiz dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir.

İki ölkənin də dövlət və hökumət başçılarının, digər rəsmi şəxslərinin vaxtaşırı qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb və müxtəlif sahələrdə müqavilələrin imzalanmasına, sazişlərin bağlanmasına gətirib çıxarıb.

Qarabağdakı tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar, həmçinin Azərbaycanla Türkiyə arasında əlaqələrin arzuolunan formada inkişafı ötən əsrin əvvəllərində imzalanmış Qars müqaviləsindən də üstün yeni bir sənədin ortaya qoyulması zərurətini doğurmuşdu. Bu reallıqlar, eyni zamanda, bir-birinə ayrılmaz tellərlə bağlı olan iki türk dövlətinin gələcək inkişaf üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən, hüquqi çəkisi daha ağır və əhatəli olan sənədin imzalanmasını diktə edirdi. Bu baxımdan 2021-ci il iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi sarsılmaz birliyin, qardaşlığın ruhundan doğan, iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran, regionda mövcud siyasi-iqtisadi münasibətlərin təməlini qoyan mühüm sənəddir. Azərbaycan-Türkiyə əlaqələrinin demək olar ki, bütün sahələrdə inkişafının yol xəritəsinə çevrilmiş Şuşa Bəyannaməsi xüsusilə iki qardaş ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini daha dəqiq şəkildə ifadə edir. Bəyannamədə konkret olaraq hər iki dövlətdən hansısa birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə siyasi, diplomatik və digər əməkdaşlıqdan başqa, ehtiyac yaranarsa Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil olunması nəzərdə tutulub. Bu, hərbi gücümüzün birləşdirilməsi deməkdir. Sənəd, eyni zamanda, özündə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsini, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini ehtiva edir. Bəyannamədə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafını nəzərdə tutan ən mühüm müddəalardan biri isə dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsinin həyata keçirilməsi ilə bağlıdır.

Bir sözlə, iki türk xalqına haradan gəldiyini xatırladan və bundan sonra haraya gedəcəyini müəyyənləşdirən Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərini yeni bir mərhələyə qaldırıb, Türkiyə ilə Azərbaycan birliyini əbədiləşdirib. Regionda və dünyada baş verən son hadisələr də Bəyannamənin nə dərəcədə önəmli olduğunu bir daha sübut edir, eyni zamanda, iki ölkə arasındakı müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Türkiyə-Azərbaycan strateji müttəfiqliyi nəinki bölgədə, eləcə də dünyada sabitliyin və sülhün bərqərar olmasına, xalqların birgə və rahat yaşamasına töhfə verir. Bu reallığı hər kəs qəbul etməlidir. Hamı bilməlidir ki, Türkiyə ilə Azərbaycan dostlara münasibətdə bir olduğu kimi, düşmənə qarşı da əbədi olaraq birdir, bir yerdədir. Bu birliyi kimsə poza bilməz!..

Mahir Rəsuloğlu, “İki sahil”