10 iyun 2024 15:59
249

Azərbaycan-Misir ikitərəfli əlaqələr uğurla inkişaf edir

“Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir. Qarşılıqlı əlaqələrin yeni mərhələsinin başlanması ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Əməkdaşlığımızın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin iyunun 8-də Misir Ərəb Respublikasına rəsmi səfəri qarşılıqlı münasibətlərin inkişafına yeni təkan verəcək”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. 30 il davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Həmçinin, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Xatırladaq ki, 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib.

İyunun 8-də rəsmi səfər çərçivəsində dövlət başçılarının mətbuata bəyanatı zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Dövlətimizin başçısı deyib: “Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”. Misir Prezidenti Əbdülfəttah əs-Sisi isə bildirib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara aldıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin”. Dövlət başçıları Yaxın Şərqdəki vəziyyəti də müzakirə edərək problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı olduğunu bəyan ediblər.

“Səfər zamanı imzalanan dövlətlərarası sənədlər qarşılıqlı münasibətlərin hüquqi bazasını daha da gücləndirəcək. Beləliklə, Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə böyük töhfələr verəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.