10 iyun 2024 14:12
253

Azərbaycanla Misirin dostluq əlaqələri möhkəmlənir, iqtisadi əməkdaşlığı genişlənir 

Azərbaycan dövləti islam ölkələri ilə ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Burada İslam Əməkdaşlıq Təşkilatının rolunu xüsusi qeyd edə bilərik.   O cümlədən sıralarında çoxsaylı ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama Hərəkatındakı genişmiqyasılı fəaliyyətimizdə əsas rol oynayır.

Qeyd edək ki, zəngin resurslara malik ərəb dövlətləri ilə əməkdaşlığın iqtisadi perspektivləri də böyükdür. Yaşıl enerji seqmenti üzrə imzalanan sənədlər və respublikamızda reallaşdırılan layihələr bir daha təsdiqləyir ki, ərəb dövlətləri ölkəmiz üçün zəngin investisiya mənbəyidirlər. Həmçinin bu ölkələr bizim ixrac potenstialımız üçün geniş bazardır. Bu mənada, ölkəmizin ərəb dünyasında xüsusi çəkisi olan Misir Ərəb Respublikası ilə iqtisadi və mədəni əlaqələri davamlı olaraq genişlənir. Təbii ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ulu Öndər Heydər Əliyev iki ölkə arasında geniş dostluq münasibətləri qurmuşdu.  İndi bu  siyasi kurs  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Hələ ötən 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Hər iki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də daim gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var. Ölkəmizdə Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanla Misir arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir. SOCAR Misirin Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb.

İyunun 7- də Azərbaycan Prezidentinin Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açmış oldu. Səfərdə məqsəd iki ölkə arasındakı əlaqələrin daha da inkişafını təmin etmək idi və orada 7 sənəd imzalanıb. Şübhə yoxdur ki, Qahirədə imzalanan yeni sənədlər iki dost ölkə arasında əlaqələrin inkişafına yeni töhfələr verəcək.

Hər iki ölkə rəhbərinin  mətbuata bəyanatlarında bir daha vurğulanıb ki, dost münasibətlər bundan sonra daha da genişlənəcək. Misir səfərinin əhəmiyyətindən danışan ölkəmizin başçısı deyib: «Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin.»

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri