10 iyun 2024 14:07
229

Türk dünyası birliyinin təzahürü

Ölkəmizin xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələr əsas istiqamət kimi müəyyən olunub. TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürüdür. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər.

İyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı Prezident İlham Əliyev çıxışında da vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Sözügedən fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Ölkəmizin təşəbbüsü ilə gələn ay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı Prezident İlham Əliyev  qeyd etdi ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı ölkə başçısı onu da bildirdi ki, Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir.

Prezident İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı diqqətə çatdırdı ki, Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Hal-hazırda nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki dövürdə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var.  

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı