10 iyun 2024 12:49
238

Uca məqama yüksələn igid

Ən ali adı qazanan, uca məqama yüksələndir, Şəhid. Vətənin bütövlüyü, xalqın rifahı yolunda canını verən, şəhadət şərbətini içən bütün igid oğullarımız mərdliyi, cəsarətləri ilə hər kəsə nümunə olacaq ömür yaşadılar. Onların qət etdikləri həyat yolu hər zaman xalqın xatirəsində əziz tutularaq, yaşadılır. Belə oğullardan biri də Ayaz Sultan oğlu İbrahimovdur.

Qeyd edim ki, bu gün qəhrəmanımızın doğum günüdür.

1998-ci il iyun ayının 10-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Məmmədrza Dizə kəndində dünyaya göz açan Ayaz uşaq yaşlarından vətənpərvər, mehriban, səmimi, sakit, dərin düşüncəyə malik bir yeniyetmə olub. Orta təhsilini doğulduğu kəndin tam orta məktəbində başa vuran qəhrəmanımız 2016-cı ildə vətənə xidmət borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə nizamlı olub, verilən tapşırıqları vaxtında yerinə yetirən intizamlı əsgər kimi bölük komandiri və əsgər yoldaşları arasında böyük rəğbət qazanıb. Ayaz İbrahimov, xidmətinin son günlərində əsgər yoldaşları ilə söhbətdə “vətənə xidmət etmək şərəfli peşədir”- deyərək “mən yenidən hərbçi olmaq üçün müraciət edəcəyəm” bildirib. Vətən sevgisi onu yenidən hərbiyə geri qaytarır. O, 2018-ci ildə Naxçıvanda yerləşən hərbi hissələrin birində Xüsusi Təyinatlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq vətəninə xidmətə başlayır. Xidməti dövründə xüsusi təlimlərdə iştirak edən Ayaz bütün cəsarəti və igidliyi ilə təlimlərdən müvəffəqiyyətlə çıxıb.

Vətən müharibəsi başlayan zaman “torpaqlarımızı nəyin bahasına olur-olsun işğaldan azad etməliyik”-deyib, xidmət etdiyi bölüyün tərkibində döyüşə qatılan qəhrəmanımız 20 gün ön cəbhədə düşmənlə üz-üzə döyüşərək böyük cəsarətlə döyüş tapşırıqlıarını yerinə yetirir. Ayazın son döyüşü Şuşa şəhərinin azad edilməsi uğrunda olur. 2020-ci ilin 9 noyabrında döyüş tapşırıqlarını yerinə yetirən vətənin igid oğlu aldığı qəlpə yarasından ən ali məqama, şəhidlik zirvəsinə yüksəlir. Qəhrəmanımız dörd gün sonra doğulduğu Babək rayon Məmmədrza Dizə kəndinin qəbiristanlığında dəfn olunur.

Bildirim ki, Şəhid Ayaz Sultan oğlu İbrahimov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şəxsi igidliyə görə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən vəzifəsini şərəflə icra etdiyi üçün Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “İgidliyə görə ”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ruhun şad olsun Vətən oğlu! Şərəfli peşə bilib xidmət etdiyin Vətən torpaqları sizin kimi oğullar sayəsində artıq azaddır. Böyük şücaətlə sancdığınız üçrəngli bayrağımız Bütöv Azərbaycanımızın, Qarabağımızın zirvələrində qürurla dalğalanır.

Səriyyə Salahova,
Naxçıvan televiziyasının əməkdaşı