10 iyun 2024 12:05
274

Tariximizə qızıl hərflərlə yazılmış gün - 15 İyun

Azərbaycan Zəfərləri ilə dünyanın diqqətindədir. Təbii ki, hər bir uğur böyük səylərin, qətiyyətin, ümumilikdə  düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Bugünkü müasir müstəqil, qalib Azərbaycanı müstəqilliyimizin bərpasının  ilk illərinin Azərbaycanı ilə müayisə etdikdə  müstəqillik yolumuzun heç də hamar olmadığını görürük.

Müstəqilliyimizin bərpasının ilk illərində  AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin məqamda xalq xilaskarını- Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Vətənini, xalqını canından artıq sevən Ümummilli Lider ölkənin yaşadığı ağır duruma biganə qalmadı. 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir dövrün əsasını qoydu.  Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Bu çağırışı xüsusi qeyd etdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” söyləyən  Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.  Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Onun  tarixi missiyası üç mühüm amilə söykənirdi:  xalqın Ulu Öndər Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi;  Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti;  Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi. Ümummilli Lider belə bir çağırışı da səsləndirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsinin təmin edilməsi məqsədilə imzalanan “Əsrin müqaviləsi” ölkəmizə böyük uğurlar qazandırdı və bu gün də davamlılığı ilə diqqətdədir.

Ümummilli Lider Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması  dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndərin  mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

  Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

    Qurtuluşdan başlanan inkişaf yolu Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırır. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Son 20 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi hər birimizi qürurlandırır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenlyimizin tam bərpa edilməsi Ümummilli Liderin ən böyük arzusu idi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra  andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə müraciət edərək bildirmişdir ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da qüdrətləndirəcək, inkişaf etdirəcək, daim zəfərlərə doğru aparacağıq. Bugünümüzün reallıqları bu vədlərin  təsdiqidir. Hazırda işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, bərpa edilir, soydaşlarımız bu torpaqlara qayıdaraq onlara yeni nəfəs verirlər. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

2021-ci il iyunun 15-i Azərbaycan tarixinə daha bir  əlamətdar gün kimi yazıldı. Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkə Prezidenti xarici ölkənin dövlət başçısını  Qarabağda qarşıladı. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Azərbaycan-Türkiyə birliyi əbədidir, sarsılmazdır. Bu dostluq, qardaşlıq, müttəfiqlik dünyaya nümunədir. Hər zaman böyük qürur hissi ilə qeyd edirik ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Dövlət başçısı İlham Əliyevin bu günlərdə TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən söylədiyi “Bir-birimizi qoruyuruq. Baxın, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışlar və rəsmi müttəfiq olmuşlar. Yəni bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz” fikirləri özündə bütün məqamları ehtiva edir.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi