10 iyun 2024 11:10
194

Türk dünyasının birliyinin təzahürü

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), əvvəlki adı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası, 21 noyabr 2008-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərləri tərəfindən imzalanmış saziş əsasında təsis edilmişdir. TÜRKPA-nın məqsədi, dövlətlər arasında siyasi dialoqun inkişaf etdirilməsi və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi üçün parlament diplomatiyası vasitələrindən istifadə etməkdir

29 sentyabr 2009-cu ildə Bakı şəhərində TÜRKPA-nın birinci plenar sessiyası keçirilmişdir. Bu sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi qəbul edilmişdir. Həmçinin, Katibliyin Bakı şəhərində daimi əsasda yerləşməsi barədə qərar verilmişdir.

TÜRKPA-nın sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası sırası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçir. TÜRKPA Katibliyi Bakı şəhərində yerləşir və beynəlxalq təşkilat statusuna malikdir.

TÜRKPA-nın əsas məqsədləri aşağıdakılardır:

Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək;

Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması.

Türk dövlətləri və digər region dövlətlər arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərmək;

Tərəf ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin yaxınlaşdırılması üzrə tövsiyələr vermək;

Tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir;

TÜRKPA, türk dövlətlərinin parlament diplomatiyasına əsaslanan əməkdaşlıq strukturları arasında xüsusi mövqeyə malikdir və XXI əsrin ilk beynəlxalq türk qurumudur. TÜRKPA, bu günə qədər əldə etdiyi uğur və tərəqqi sayəsində nümunəvi beynəlxalq parlament təşkilatına çevrilmişdir. TÜRKPA, təkcə parlament birliyi kimi deyil, həm də uğurlu regional beynəlxalq təşkilat kimi özünü sübut etmişdir.

Beynəlxalq təşkilatın uğurla fəaliyyət göstərməsi onu yaratmaqdan daha çətindir. TÜRKPA, yarandığı gündən bəri inkişaf edərək, güclənərək və irəliləyiş əldə edərək öz uğurunu sübut etmişdir. Digər türk dünyası beynəlxalq təşkilatları kimi TÜRKPA və ona verilən dəstək, bu qardaşlıq ruhunun və ümumi gələcək qurmaq iradəsinin ən konkret ifadəsidir.

Azərbaycan türk dünyasının nüfuzunun qalxmasına həmişə layiqli töhfələr verir. TÜRKPA-nın Bakıda keçirilən iclası, türk dövlətləri başçılarının Şuşada gözlənilən görüşü bu dövlətlər arasında əlaqələrin daha da inkişafına xidmət edəcək. Azərbaycanın TÜRKPA-ya sədrliyi isə təşkilatın nüfuzunu bir qədər də artıracaq.

Kəmalə Əhmədova,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü