10 iyun 2024 10:55
224

Ortaq mədəniyyət, milli dəyərlər, mövcud potensial beynəlxalq sferada türk dünyasının rolunu daha da artırır

Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirlməsi Türk Dövlətləri Təşkilatının dünyanın siyasi düzənində müstəsna rol oynayacağına böyük ümidlər yaradır. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Azərbaycan Türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verib. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir.Təmasların mütəmadi xarakter almasında isə Azərbaycan Prezidentinin fəaliyyəti danılmazdır. Cənab  İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini mühüm prioritet məsələlərdən biri hesab edir və qardaş ölkələrlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür. Bütün bunların nəticəsidir ki, son illərdə türk dövlətləri arasında əlaqələr hər sahədə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Qeyd etməliyik ki, hələ bir neçə il əvvəl Prezident İlham Əliyev türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, türk dünyası yalnız türk dövlətlərindən ibarət deyil, türk dövlətlərindən kənarda yaşayan türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır.

Prezident İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və Azərbaycanın bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi. TÜRKPA-nın plenar iclasları, Türk dünyasının birliyinin təzahürü olaraq, ölkələrimizin bu birliyə yönəlmiş böyük səylərini əks etdirir. Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyəti ilə görüşündə söylədiyi fikirlər, ideyalar Türk dünyasının təkcə bu günü deyil, gələcəyi üçün də əhəmiyyətlidir. Ölkə başçısının da bildirdiyi kimi əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdir.  Tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr türk dünyasının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Ölkə başçısı İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirərək demişdi: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”. Prezidentin təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb. Son illərdə Türk Dövlətləri Təşkilatı xətti ilə həyata keçirilən işlər, birliyimizi daha da gücləndirmişdir. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Hər bir Zirvə görüşü, birliyimizin gücləndirilməsinə yönəlmiş növbəti addım olur. Şuşada keçiriləcək Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlim məsələləri olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi, Türk dünyasının birləşməsi ilə sıx bağlıdır. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə fəaliyyəti, bu prosesin sürətlənməsinə töhfə verir. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas məsələlərdəndir. Bu il Azərbaycan COP 29 konfransına ev sahibliyi edəcək və bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələlərin müzakirəsi böyük fayda verəcəkdir. Azərbaycan türk dövlətləri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla türk dövlətləri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir və geniş bir coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı və demoqrafik vəziyyətin müsbət olması, bu böyük güc potensialını təşkil edir. Bizim vəzifəmiz, bu potensialı dünya miqyasında böyük bir gücə çevirməkdir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, Türk dünyasının birliyini daha da möhkəmləndirir və gələcəkdə bu birliyin dünya səhnəsində daha da güclənməsinə töhfə verir.

Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Bu gün ciddi bir təşkilata çevrilən, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, türk dövlətlərinin ənənəvi dəyərlər üzərində inkişafında mühüm rol oynayan Türk Dövlətləri Təşkilatına üzv olan bütün dövlətlər dostluğun və tərəfdaşlığın möhkəmlənməsinə ciddi səy göstərirlər.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri