08 iyun 2024 14:35
279

Bakı Enerji Həftəsi enerji sənayesində əhəmiyyətli bir platformadır

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərində cəmləşdirir. Xəzər Neft və Qaz Sərgisi kimi ilk dəfə 1994-cü ildə fəaliyyətə başlayan bu sərgi Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır.

Bu il iyun ayının 4-də paytaxtımızda növbəti dəfə öz işinə başlayan bu tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı oldu. Bakı Enerji Həftəsində müxtəlif ölkələri təmsil edən qlobal şirkətlərin sayı ildən-ilə artır. Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır.
Bakı Enerji Həftəsi öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir.

29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında son 30 il ərzində imzalanan bütün müqavilələrin tam həyata keçirildiyini, onların parlament səviyyəsində ratifikasiya edildiyini və qanun şəklində imzalandığını diqqətə çatdırdı. Həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz buna görə də bu gün bütün dünya ölkəmizdə daha bir seqmentin, yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı sahəsinin sürətlə inkişaf etdiyini müşahidə edir.
Öz çıxışında dövlətimizin başçısı ölkəmizin 2027-ci ilin sonunda artıq 2 qiqavat bərpaolunan enerji istehsal edəcəyini anonslayaraq, bu gücün müəyyən bir hissəsinin də məhz azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində olan nəhəng su elektrik enerjisi potensialının reallaşdırılması hesabına əldə ediləcəyini vurğuladı. Qeyd olundu ki, 2020-ci ilin noyabrında həmin bölgələr azad olunandan sonra bu ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyaları tikilərək istismara verilib.

Dövlət başçısı çıxışında eyni zamanda bildirmişdir ki, Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.
Bakı Enerji Həftəsində bərpaolunan enerji ilə bağlı şirkətlərin çoxluq təşkil etməsi də ölkəmizin bu sahədə potensialının yüksək qiymətləndirildiyindən xəbər verir. Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. Bununla da ölkəmizin daim enerji təchizatının şaxələndirilməsinə səy göstərdiyi bir daha sübut olunmuşdur.

Cavid Mehdizadə,
Müdafiə Sənayesi Nazirliyi
Elmi-Tədqiqat İnstitutunun əməkdaşı,
YAP Xətai rayon təşkilatının üzvü