08 iyun 2024 13:59
271

Otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi - ŞƏRH

4 iyun 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil and Gas” və 12-ci Xəzər Beynəlxalq  Xəzər Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılışı olmuşdur. Sərgilərin rəsmi  açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.

Tədbirin moderatoru, Böyük Britaniyanın “İCA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtay çıxışında Bakı Enerji Həftəsinin artıq 30 ildir keçirildiyini, bu tədbirin dünya ictimaiyyəti üçün vacib əhəmiyyətə malik olduğunu vurğuladı. Daha sonra  o, iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin cəsarətli bir addım olduğunu  qeyd etdi. Stiven Murtay Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsindən çox məmnun olduğunu diqqətə çatdırdı.

Açılış tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol  oynamışdır.       

Ölkəmizin Başçısı çıxışında otuz il bundan əvvəl Azərbaycanın müstəqillik yolunda ilk addımlarının atdığını bildirdi: “Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdir: “Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı. Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin   durğunluğunu və enerji resurslarımızın qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi – bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə.  Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayət olundu”.

1993-cü ildə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı zaman  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan  müstəqilliyini saxlaya bildi. Sərgilərin rəsmi  açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir: “1993-cü il dönüş nöqtəsi oldu. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji  seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul  edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji  sektoruna investisiyaları cəlb etmək cəhdləri. Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri