07 iyun 2024 13:44
282

Azərbaycan enerji sektorunda qazandığı uğurları ilə diqqətdədir

Azərbaycanın uğurlu enerji siyasəti hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının artması gündəmə gətirdiyi, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələri uğurlu sonluqla başa çatdırmasını şərtləndirir.  Azərbaycanda qaz hasilatı artır. Yeni yataqlar kəşf olunur və o yataqlarda istismar başlanıb. Həmçinin genişmiqyaslı yaşıl gündəlik  icra edilir. Bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması  qaza qənaət etmək imkanı yaradacaq.

İyunun 4-də başlayan  Bakı Enerji Həftəsi üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, forum isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib. Keçirilməsi ənənəyə çevrilmiş Bakı Enerji Həftəsi dünyanın enerji sənayesi sahəsinin liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Prezident İlham Əliyevin hər il "həftə"nin açılış mərasimində iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir.

Bakı Enerji Həftəsinin iştirakçılarının say tərkibində də artım Azərbaycanın, onun Prezidentinin nüfuzunun, göstərilən etimadın təqdimatıdır. Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə diqqətdədir. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, onları daim bir araya gətirir. Əməkdaşlığın coğrafiyasının ildən-ilə daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Builki Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Daha bir neçə maraqlı fakt ondan ibarətdir ki, builki sərginin iştirakçılarının ümumi sayının 15 faizini yeni şirkətlər təşkil edir. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır.

 Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaq. O da məlumdur ki, Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir: Cənab İlham Əliyev bir daha bildirdi ki, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. İşimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, inklüziv cəmiyyət qura bilmişik.  Yoxsulluq səviyyəsinin  50 faizdən 5 faizə,  xarici borcumuzun isə  təxminən 100 faizdən 7,7 faizə enməsinə  müvəffəq olmuşuq. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik.” Ötən illər ərzində ölkəmizlə, neft sənayemizlə birgə inkişaf edərək genişlənən, şaxələnən, yeni sahə və mövzularla əhatə olunan Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi bu dəfə həm də bir neçə əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il ölkəmizin neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ili tamam olacaq. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təsis edilməsindən də 30 il ötür. Daha bir önəmli fakt odur ki, budəfəki sərgilər və forum Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"nin yaşandığı dövrdə keçirilir. Nəhayət, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək.

Prezident İlham Əliyevin  və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə  Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyulmasına  yönəldərək bildirib ki, iyunun 4-ü tariximizdə “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir. Bu, sadəcə başlanğıcdır.  Cənab İlham Əliyev Xəzər Neft və Qaz Sərgisinin otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını önə çəkdi və  bildirdi ki, o vaxtdan bəri bu tədbir miqyasını daha da genişləndirərək enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə hazırda  onun adı Bakı Enerji Həftəsidir. Otuz il bundan əvvəlki Azərbaycan başqa idi. Müstəqillik yolunda ilk addımlarını atırdı. O illər çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında dönüş nöqtəsi oldu.

Artıq  Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi şöhrət tapıb və bu sahədə davamlı olaraq əlaqələrini genişləndirir, mötəbər tədbirlərə ev sahibliyi edir. Bunun bir təsdiqi Bakı Enerji Həftəsidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri