07 iyun 2024 02:58
292

"Üçlər ittifaqı" Nikola qarşı...

Əvvəlkilər bir qələt qıra bilmədilər, görək bunlar nə edəcək?

Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa təklikdə heç bir qüvvənin  gücü çatmadı. Onlar əvvəllər elə düşünürdülər ki, kiçik bir təzyiqlə onu ya qaçmağa, ya da istefa verməyə asan təhrik edə biləcəklər. Lakin keçirdikləri sınaqlar bir-bir boşa çıxdıqca anladılar ki, Nikol "bərk qozdur", onu sındırmaq zarafat iş deyil. Hazırda hakimiyyətə qarşı müxalifətə keçmiş ayrı-ayrı şəxslərin hər birinin öz iddiaları olsa da Paşinyanı devirmək üçün qüvvələrini birləşdirmək məcburiyyətində qalıblar. Bu baxımdan onlar şeytanla da işbirliyinə getməyə razıdırlar, təki Nikol yıxılsın.

Qoçu Əsgərin ərköyün keçisi kimi ortalığa düşən keşiş Baqrat eks-prezidentlər Serjik Sarkisyan və Robert Koçaryanla birləşərək baş nazir Nikol Paşinyanı devirmək məqsədi ilə etiraz mitinqləri keçirirlər. İndiyədək hadisələri yarasa kimi "qaranlıqda durub" izləyənlər artıq özlərini göstərməli olublar. İndi keşiş Baqratı dişlərinə vururlar. Hay cəmiyyəti bu “ev tapşırığı”nın hansı dalğa, hansı koordinatdan gəldiyini də tam təxmin edir.

Bu günlərdə revanşist hərəkatın üzdə görsənən başçısı Baqrat Qalstanyan və  qatı hərbi cinayətlərdə təcrübəsi olan Serjik Sarkisyan arasında görüş keçirilib. Ona görə belə deyirik ki, keşiş bu prosesdə yalnız buyuruqçu rolundadır. Keşiş yalnız rezidentin gizli tapşırıqlarını yerinə yetirməyə məsuldur. Görüş eks-prezidentin İrəvandakı malikanəsində baş tutub.  Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, keşiş Baqrat “hərəkatın gələcək taktikası”ndan  danışıb. O, prosesin əvvəldən parlamentə keçirilməsi və baş nazir Nikol Paşinyanın impiçment edilməsinin tərəfdarı olduğunu söyləsə də, bu planının baş tutmadığını etiraf edib. Bu səbəbdən də küçələrdə keçirdiyi piketlərin sonadək davam edəcəyini vurğulayıb.

Serjik Sarkisyana gəlincə, hərbi cinayətkar görüş zamanı bildirib ki, rəhbərlik etdiyi partiya bu hərəkatı hələ Tavuşdan İrəvana gəlməzdən əvvəl dəstəkləyir. Bununla da o, hərəkatın gizli təşkilatçılarından biri olduğunu etiraf edib. “Sarkisyan xüsusi olaraq vurğulayıb ki, bu mübarizə partiyası və onun üçün gözləntilər mübarizəsidir, son məqsədi Nikoldan yaxa qurtarmaqdır”, - nəşr yazır.

Qeyd edək ki, Baqrat Qalstanyan dəstəsi ilə Tavuşdan İrəvana gəlməzdən əvvəl Levon Ter-Petrosyanla da görüşmüşdü. Ancaq onunla söhbət elə söhbət olaraq qaldı. Çünki digərləri ilə müqayisədə Ter-Petrosyan tədbirlidir və ağılsız hərəkətlərə yol vermir. Ona görə də heç bir tərəfə müeillənmir, orta mövqe tutub. Ancaq  üsyankar keşişin hələlik digər hərbi cinayətkar Robert Koçaryanla görüşünə dair məlumat yoxdur. Amma bu revanşist hərəkatın əsas təşkilatçısı və ssenari müəllifinin Robert Koçaryan olduğu hər kəsə bəllidir. Çünki xarici ölkəyə casusluq edən rezidentliyin rəhbəri məhz odur. Qarışıq hadisələrdə onun barmağının olmasına şəkk-şübhə yoxdur. Ancaq o, guya hiyləgərlik edərək özünü "məharətlə" gizlədir. Həm də o, Paşinyandan müəyyən dərəcədə qorxur və həbsxanada "yatdığı" günləri unutmur. Ancaq düşünmür ki, onun sirri çoxdan faş olub və hay cəmiyyətində onun kimin lakeyi olduğu hamıya gün kimi aydın görünür. Bütün bunlara baxmayaraq baş nazirin mövqeyi möhkəmdir, müxalifətdə olanlar nə qədər birləşsələr də hay cəmiyyətinə gücləri çatmaz. Hay cəmiyyətinin isə Paşinyanın arxasında durduğu hər kəsə məlumdur. Artıq paytaxt sakinləri İrəvan küçələrində mətbuata, televiziya kanallarına müsahibələrində Pobert Koçaryanla Serjik Sarkisyana, Seyran Ohanyana "rədd olun!" deyir, Paşinyandan başqa kimsəni müdafiə etməyəcəklərini açıqca bildirirlər.

Bu adları çəkilən haylara baxanda nəyi xatırladırlar? Bir variant daha uyğun gəlir. İlan və ona ağu verənlər...

Vəli İlyasov, "İki sahil"