05 iyun 2024 19:05
364

Ölkəmizin enerji  təhlükəsizliyi milli təhlükəsizliyimizin ayrılmaz hissəsinə çevrilib

İyunun 4-də regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi öz işinə başlayıb. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana yönəldir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusa malik olduğunu bir daha göstərdi. Hmişə vurğuladığımız kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyü mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir.

Qürurla qeyd edə bilərik ki, ölkəmiz 30 ildir Beynəlxalq Neft və Qaz Sərgisinə ev sahibliyi edir. Əsas məqam hər il iştirakçı dövlətlərin say tərkibində artım, eyni zamanda, Azərbaycanın ötən bir ildə enerji sektorunda qazandığı uğurları ilə diqqətdə olmasıdır. Bakı Enerji Həftəsi həm tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin, həm də Azərbaycanın enerji resurslarının təqdimatında öz sözünü deyən ilk Beynəlxalq Neft və qaz Sərgisinin 30 ilinin tamam olmasına təsadüf edir. Ötən 30 ilin Azərbaycanın enerji sektorunda hansı uğurlarla yadda qaldığını bugünümüzün reallıqları təsdiqləyir. Çünki artıq Azərbaycan yaşıl enerjiyə keçiddən bəhs edir, özünün bərpaolunan enerji resurslarını dünyaya təqdim edir. Prezident İlham Əliyev yeni dövrün başlanğıcı kimi digər vacib vəzifələrdən birinin də bərpaolunan enerji ilə bağlı olduğunu  daimi vurğulayır. Təbii ki, biz bir ölkə olaraq burada da ön sıralardayıq. Artıq işlərə start verilib. Plana görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılacaq.

Xüsusi vurğulamaq lazımdır ki, ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunub. Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Təbii ki, hər bir beynəlxalq əhəmiyyətli tədbirdə iştirakçı ölkələrin say tərkibi gündəmə gətirilən məsələnin aktuallığının göstəricisidir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirakı təsdiq edilib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

Bu beynəlxalq tədbirin əhəmiyyətliliyi o qədər genişdir ki, artıq bütün dünyanın diqqətini cəlb edir. Sevindirici məqam isə ondadır ki, Azərbaycan burada qlobal aktor rolunda çıxış etməklə bərabər, yeni əməkdaşlıq şəbəkəsinin yaradılmasında maraqlı olduğunu da beynəlxalq aləmə nümayiş etdirir. Bir sözlə, bu gün ölkəmizin enerji  təhlükəsizliyi həm də milli təhlükəsizliyimizin ayrılmaz hissəsinə çevrilib.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri