05 iyun 2024 19:14
357

Bakı Enerji Həftəsi qlobal şirkətlərin cəlb olunduğu nüfuzlu tədbirdir - EKSPERT

Bakı Enerji Həftəsi 3 mühüm tədbiri özündə birləşdirir və enerji sahəsində tanınmış mütəxəssisləri və qlobal şirkətlərin nümayəndələrini cəlb etməklə çox böyük bir tədbirdir. Xüsusilə vurğulamaq lazımdır ki, tədbirdə 300-dən artıq şirkət, 40-a yaxın ölkə təmsil olunur. Bütün bunlar məhz ölkəmizin enerji resurslarının tədarükü, müasir innovasiyalar istiqamətində qabaqcıl yerlərdən birini tutduğunu da nümayiş etdirirsən. Eyni zamanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyası bu gün yeni istiqamətlər alır. Neft və qaz sahəsi ilə yanaşı, Azərbaycan həm də alternativ və bərpa olunan enerji sahəsinə də böyük diqqət ayırır. Məhz bu xüsusda ölkəmizdə noyabr ayında qlobal iqlim dəyişikliklərinə həsr olunmuş ekoloji tarazlığın qorunması ilə bağlı COP29 konfransı keçiriləcək. Bu məqamda qeyd etməliyik ki, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən 2024-ci il “Yaşıl dünya naminə həmrəylik İli” elan olunmuşdur. Artıq cari il ərzində silsilə tədbirlər keçirilməkdədir. Şübhəsiz ki, kulminasiya nöqtəsi COP29 tədbiri olacaqdır. 

Bu sözləri politoloq İlyas Hüseynov “İki sahil”ə açıqlamasında deyib.

İ.Hüseynov bildirib ki, eyni zamanda, məhz Bakı Enerji Həftəsi çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin məktubu da xüsusi diqqət çəkir. Bir həftə ərzində iki məktubun Bakıya ünvanlanması həm Azərbaycanın gücünü və bölgədəki rolunu nümayiş etdirir, həm Azərbaycan-ABŞ münasibətləri süquta uğrayıb və erməni lobbisinin sayəsində buna nail olmaq mümkün olub kimi əsassız iddialara və tezislərə də bir cavabdır. Məktubda xüsusilə COP29-la bağlı məsələlərin qabardılması həm də Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirir. Eyni zamanda, əgər belə bir tendensiya davam edəcəksə, onda Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edə bilər. Çünki ABŞ ölkəmizə COP29-la bağlı siyasi dəstəyin göstərilməsində maraqlıdır. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərdə yeni bir səviyyəyə qaldırır. Düşünürəm ki, ümumilikdə bu tədbir hər il keçirilməsilə bütün dünyaya səs salır və Prezident İlham Əliyevin çıxışında da xüsusi məqamlar yer almışdı. Eyni zamanda Şahdəniz yatağının istismarı və eləcə də keyifyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulması uğurlu bir nailiyyət hesab oluna bilər. Eləcə də Azərbaycana artıq külək və Günəş enerjisi sahəsində də sərmayələr yatırılır. Bu da ölkəmizin nə qədər qabaqcıl və innovativ məqsədlər irəli sürdüyünü göstərir. 

Cavid Əkbər, “İki sahil”