05 iyun 2024 17:02
427

Bakı Enerji Həftəsi uğurlu və nümunəvi bir modelə çevrilmiş platformadır

Bakı növbəti dəfə vacib regional və beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal tədbirə - Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinə ev sahibliyi edir. Cənab Prezident İlham Əliyev sərgilərin açılışında iştirak etdi və çıxış etdi. Bir çox beynəlxalq və regional tədbirlərə ev sahibliyi edən Azərbaycan növbəti dəfə peşəkar təşkilatçılığını və qonaqpərvərliyini bir daha nümayiş etdirdi. Bu cür əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan dünyada müxtəlif sahələrdə beynəlxalq tədbirlərin və yarışların ən peşəkar təşkilatçılarından biri kimi tanınır. Bu baxımdan ölkəmizə etimad yüksəkdir. Xüsusilə iqtisadi, enerji, siyasi, humanitar, mədəni və idman sahələrində təşkil edilən beynəlxalq miqyaslı tədbirlər bu sahələrdə ölkəmizin əldə etdiyi uğurlarla sıx bağlıdır, eyni zamanda bu sahələrin gələcək inkişafına mühüm töhfədir.

Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar. Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyev ölkəmizdə enerji təhlükəsizliyinin və inkişafının əhəmiyyətini önə çəkərək çox mühüm məsələlərə toxundu. Dövlət başçısı Azərbaycanda həyata keçirilən enerji siyasətinin tarixi, qazanılan uğurlar, bir sıra dövlətlərlə əməkdaşlıq əlaqələrindən məmnunluqla danışaraq, bu sahənin inkişafının bu gün də prioritet olduğunu qeyd etdi. Ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlərdən ətraflı bəhs edərək Azərbaycanın birbaşa təşəbbüskarı və icraçısı olduğu layihələrin icra edilməsi nəticəsində dünyanın enerji siyasətinə verilən töhfələri ətraflı vurğuladı. Bir sıra dövlətlərlə uğurlu əlaqələrin bundan sonra da davam etdiriləcəyini və dövlətlərimizin, xalqlarımızın inkişafında önəmli rol oynayacağını diqqətə çatdırdı.

Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik.

Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coxrafiyasının genişlənməsi göz qabağındadır. ABŞ, Avropa İttifaqı, Türkiyə, Ərəb-islam dünyası birliyi, əməkdaşlığı günümüzün reallıqları sırasındadır. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda günümüzün reallıqlarına və qarşıdakı dövrün hədəflərinə işıq salınır. Məktubda bildirilir ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir. Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət, sadiqlik məmnunluq doğurur.

Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin təşəbbüsləri çox yüksək qiymətləndirilir. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı dövlətimizin başçısının uzaqgörən - milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Bütövlükdə, Bakı Enerji Həftəsi Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycanın yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimuldur.

Anar Məmmədov,

Milli Məclisin deputatı