04 iyun 2024 23:18
301

ABŞ Azərbaycan əlaqələri müsbət müstəvidə irəliləyir

Prezident C.Baydenin həftə ərzində Azərbaycana iki təbrik məktubu göndərməsi Azərbaycan-ABŞ münasibətlərinin pozulmasını iddia edən bədxahlarımıza ən tutarlı cavab, həm də tərs sillə olmaqla anti-Azərbaycan mərkəzlərin və erməni lobbisinin məğlubiyyətinin göstəricisidir

Ağ evin rəsmi Bakı ilə əməkdaşlığa üstünlük verməsi, iki ölkə arasında münasibətləri irəliyə doğru aparmaq istiqamətində atdığı addımlar bir daha göstərir ki, ABŞ-Azərbaycan əlaqələri müsbət məcrada inkişaf etməkdədir. Bu mənada ABŞ Prezidenti C. Baydenin iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubundakı müsbət ritorika diqqəti daha çox cəlb edir.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın oxuyuduğu məktubda qeyd edilib ki, Bakı noyabrda COP29-a ev sahibliyinə hazırlaşır və bu Azərbaycan üçün unikal imkan yaradır: “Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər”.

Ağ evin başçısı, həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı surətdə Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə səy göstərəcək. ABŞ noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərin irəlilədilməsini arzulayır və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”.

Yeri gəlmişkən, bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik məktubu göndərib.

Təxminən bir həftə əvvəl ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirildi ki, diplomatik əlaqələrin 30 ildən artıq bir dövründə iki ölkə arasında enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurulub. Məktubda qeyd olunurdu ki, hər iki ölkə Əfqanıstanda çiyin-çiyinə döyüşüb və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərib.

Prezident C.Baydenin məktubunda, həmçinin qeyd olunurdu ki, ABŞ Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək dəyərləndirən ABŞ Prezidenti bildirdi ki, Vaşinqton sülh və əmin-amanlığa böyük önəm verir. Ağ evin rəhbəri ölkəsinin Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışladığına, bu səyləri dəstəkləməyə hazır olduğuna xüsusilə diqqəti çəkmişdi: “Ən əsası isə ABŞ Azərbaycan xalqı ilə tərəfdaşlığı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayır”.

Təbii ki, ABŞ Prezidenti C.Baydenin qısa müddətdə-təxminən bir həftə ərzində Azərbaycana iki təbrik məktubu göndərməsi, orada ölkəmizin enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasının, Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edilməsinin öz əksini tapması iki ölkə arasında olan münasibətlərin göstəricisidir. Bu, həm də Azərbaycan-ABŞ münasibətlərinin pozulmasını iddia edən bədxahlarımıza ən tutarlı cavab, həm də tərs sillə olmaqla anti-Azərbaycan mərkəzlərin və erməni lobbisinin məğlubiyyətinin göstəricisidir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanla ABŞ arasındakı münasibətləri daim pozmağa çalışan erməni lobbisi bundan sonra da heç nəyə nail ola bilməyəcək.

Nəhayət, bu və ya bu kimi məsələlərdə ABŞ açıq mövqe nümayiş etdirərək bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək, əməkdaslığın coğrafiyası genişlənəcək.

Zahid Rza, “İki sahil”