04 iyun 2024 00:12
320

Başabəla Kostya yenə qan axtarır...

Bu adam dayanmaq-durmaq bilmir. Belələri haqqında deyirlər: İt əl-ayağı yeyib. Azərbaycan əleyhinə əlindən gələni də, gəlməyəni də etməyə çalışır. Moskvada “Lazarev klubu” adı altında erməni-rus millətçiləri tərəfindən beynəlxalq konfrans təşkil edilib. Həmin konfransda Rusiya Dövlət Dumasının komitə sədrinin müavini, hakim partiyanın üzvü Konstantin Zatulin 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannaməsinə tamamilə zidd olaraq ölkəmizin ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına alan, separatizmi və revanşizmi qızışdıran bəyanatla çıxış edib. O, iddia edib ki, guya Azərbaycan Qarabağ ərazisindəki kilsələri albanlaşdırır və bununla da erməni mədəniyyətinə və tarixinə zərbə vurur. Əvvəlcədən qeyd edək ki, Ermənistanda iki il əvvəl arzuolunmaz şəxs elan edilən və ölkəyə səfəri qadağan olunan bu adam abırsızcasına yenə də erməni olmağa çalışır. Qovulmağından nəticə çıxarmayan Kostya Azərbaycanın Ermənistanın daxili işlərinə müdaxilə etməkdən usanmır və həm də utanmır. Adamın burnundan vurub qaytarırlar, burnunu yenə də hər yerə soxur.

Görünür, qana susamış bu Zatulin üçün tökülən qanlar yetərli deyil və Moskva Bəyannaməsinin dəyəri onun üçün sazişin imzalandığı kağızın dəyəri qədər də deyil. O, Moskvada bir qrup revanşist separatçını başına yığaraq Azərbaycan əleyhinə kampaniya təşkil edib və yığıncaqda bəyan edib ki, Qarabağda erməni xalqının öz müqəddəratını təyin etmək hüququ zorakılığa məruz qalıb. Bu başıpozuqdan soruşan yoxdur ki, ay tünbətün oğlu, Soçidə Qarbağdakından da çox erməni yaşayır. Bəs onların müqəddəratı haqqında niyə danışmırsan? Əgər onun dediyi kimi olsa, onda gərək dünyada ən azı 20 erməni dövləti olsun. Görəsən düşüncəsiz Kostya atdığı gülünc addımları özü görmür?

Oxucularımıza xatırladırıq ki, Konstantin Zatulin Gürcüstanda doğulsa da həyatının çox hissəsi Soçi şəhəri ilə bağlı olub. Orada ermənilərin çoxluğu və fəallığı məlumdur. Konstantin də belə mühitdə yetişib. Qanı təmiz rus olmasına şübhələr ola bilər, çünki ermənilər onun qədər ermənilik etmirlər. Yoxsa buna nə düşüb ki, hazırda müharibə aparan və cürbəcür problemlər içində olan Rusiyanın dərd-sərini tərgidib fikri-zikri ermənilərin yanında olsun. Görünür, Soçi erməniləri onu hansı vasitə iləsə özlərinə elə bağlayıblar ki, yalnız curlarının tapşırıqlarını yerinə yetirir. Kostyanı özləri seçdiklərinə görə onların təyin etdiyi limit daxilində fırlanır. Başqa cür addım atmağa icazə verilmir, yəni "cızıqdan kənara" çıxa bilməz.

Daim lənətlədiyimiz bu adam dövlətimizin daxili işlərinə qarışmaqla dincəlmir, tariximizə də, mədəniyyətimizə də burnunu soxmaqdan utanmır. O, məhz Ermənistanda etirazların səngimədiyi günlərdə kilsə mövzusunda danışmaqla guya daha bir manevr edərək dolayısı ilə siyasi şoumen, keşiş Baqrata dəstəyini nümayiş etdirir.

Zəli xislətli haypərəst Kostya dişlərindəki insan qanı qurumamış təzə qan axtarır. Ancaq bir gün dövran dəyişəcək, Zatulin kimi insan qanı içənlər elə həmin qanda boğulub cəhənnəmə vasil olacaqlar. Bütün qəddarların sonu həmişə belə gəlib. Özü də bunu yaxşı bilir...

Vəli İlyasov, "İki sahil"