03 iyun 2024 23:09
264

“La Gazette du Caucase” erməni sevdalısı, siyasi kloun Ann İdalqonun dərsini verdi

Fransanın bu nüfuzlu nəşrində dərc olunan məqalədə Paris merinin Azərbaycana qarşı qərəzli mövqeyi ifşa edilir, onun Fransanı noyabrda Bakıda keçiriləcək COP29 konfransını boykot etməyə çağıran “təklif”lə çıxış etməsi əsl riyakarlıq nümunəsi kimi qiymətləndirilir

Danılmaz faktdır ki, Emmanuel Makron dövlət başçısı seçildikdən sonra Fransa hökuməti islamofob və Azərbaycanofob fəaliyyətini daha da gücləndirib. Fransa hökumətinin təmsilçiləri  son zamanlar ölkəmiz haqqında həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirməklə bütün sərhədləri aşırlar. Lap əvvəldən erməni separatizmini dəstəkləyən Fransanın müdafiə naziri Sebastyan Lekornyunun bir müddət əvvəl hərzə-mərzə açıqlamaları, hədyanları, təcavüzkar Ermənistana dəstək bəyanatları bunun əyani təsdiqidir. Həmçinin Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar səsləndirməsi və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırışlar etməsi absurd olduğu qədər də gülünc idi. Yaxud, Fransa Prezidenti Emmanuel Makronun təlimatları əsasında ifrat ermənipərəst mövqe tutmuş xarici işlər naziri Ketrin Kolonanın yersiz erməni təəssübkeşliyi, ermənidən artıq erməni olmasını nümayiş etdirməsi bu ölkə rəsmilərinin Azərbaycanofobiyanın pik nöqtəsində olmalarının bariz nümunəsidir.

Rəsmi Parisin ölkəmizə qarşı təxribat xarakterli bəyanatları, daha doğrusu, siyasi əxlaqdan uzaq qərəzli mövqeyi hələ də davam edir. Bir müddət əvvəl bir qrup fransız ictimai-siyasi xadimin, Parisin meri xanım Ann İdalqonun 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış etmələri bunun əyani təsdiqidir. Təbii ki, bütün bunlar Fransanın irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha ortya qoyur.

Bu günlərdə Parisin meri, xislətinə yaxşı bələd olduğumuz Ann İdalqonun yenə də özünü yuyulmamış qaşıq kimi ortaya ataraq Fransanı noyabrda Bakıda keçiriləcək COP29 konfransını boykot etməyə çağıran “təklif”lə çıxış etməsi fransız cəmiyyətində və mediasında ikrahla qarşılanıb. Belə ki, Fransanın “La Gazette du Caucase” nəşrində dərc olunan məqalədə Paris merinin Azərbaycana qarşı qərəzli mövqeyi ifaşa edilir, onun ölkəmizlə bağlı səsləndirdiyi əsassız iddiaları riyakarlıq nümunəsi kimi qiymətləndirilir: “Mayın 24-də Paris meri Ann İdalqo Fransanı noyabrda Bakıda keçiriləcək COP29 konfransını boykot etməyə çağıran “təklif”lə çıxış edib. Parisdən gələn “təklif”in hüquqi qüvvəyə malik olmaması ilə yanaşı, Ann İdalqonun fikirlərinə-xüsusən ətraf mühitin mühafizəsi ilə bağl çox az adam diqqət yetirir. Ətraf mühitin mühafizəsi adına hərəkət etdiyini iddia edən İdalqo Parisdə əsas yolları avtomobillər üçün bağlayaraq, onları, demək olar ki, heç kimin istifadə etmədiyi velosiped zolaqları ilə əvəz edib və bununla şəhəri öz ideyalarına uyğun olaraq “dəyişib”. Nəticədə bu bölgələr boşalıb, mağazalar həmişəlik bağlanıb ki, bu da yollarda daha çox tıxaclara səbəb olub, küçələr zibillə dolub, ətrafda siçovullar qaçışarkən evsiz insanlar səkilərdə yerləşməyə məcbur olub”.

Məqalənin müəllifləri Paris meri A.İdalqonun Ermənistanın müdafiəsi bəhanəsi ilə Azərbaycana hücum etdiyini vurğulayıblar. Bildiriblər ki, o, müxtəlif anti-Azərbaycan qruplaşmalarına rəhbərlik edən və açıq şəkildə islamofobiyanı təbliğ edən Fransa ermənilərini dəstəkləyir. Bütün bu insanlar, çox güman ki, istənilən halda COP29-da iştirak etməyəcək.

Bundan başqa, Fransanın sağlam düşüncəli qüvvələri, nüfuzlu siyasətçiləri, parlamentarilari zaman-zaman fransız rəsmilərin Azərbaycanla bağlı qərəzli mövqelərini kəskin pisləyiblər. Belə ki, 2024-cü il martın 14-16-da baş tutan XI Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda paneldə Fransa Senatının üzvü Natali Qule “Fransada-mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var. Dünyanın belə vəziyyətə gəlməsinin səbəbi liderliyin olmamasıdır. Dünya dəyişib, terrorizm, ekstremizm artıb. Vətəndaş cəmiyyətinin rolu artmalıdır. Mən sizinlə üzrxahlığımızı da bölüşmək istəyirəm”- deyərək xalqımızdan üzr istəyib.

Zahid Rza, “İki sahil”