11 may 2017 23:21
1892

Tolerantlıq və mədəniyyətlərarası dialoq məkanı

UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatının, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Avropa Şurasının, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müzakirə olunan məsələlərin aktuallığı ilə diqqət çəkdi.

120 ölkədən 800-dən artıq qonağın, 50-dən çox beynəlxalq qurumu yüksək səviyyədə təmsil edən nümayəndələrin Forumda iştirakı da sübut etdi ki, qlobal problemlərin artdığı bir zamanda müzakirəyə çıxarılan mövzular dünya ictimaiyyətini düşündürən məsələlərin həllinə yönəlib.

Tolerant ölkə kimi tanınan Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünyada hələ də davam edən münaqişələrin, dini zəmində artan gərginliklərin aradan qaldırılması naminə irəli sürülən təşəbbüslərinin dəstəklənməsi ölkəmizin böyük nüfuz sahibi olmasının nümunəsidir. Tolerantlıq ənənələrinin öyrənilməsi üçün yaranan bütün imkanlardan istifadə etməklə narahatlıq doğuran problemlərin həlli yollarının axtarılması üçün belə dialoqların əhəmiyyəti ölkəmizin timsalında  əksini tapıb.

Qlobal problemlərlə “yüklənən” dünyamızda mədəniyyətlərarası, multikulturalizmlə bağlı dialoqların əsasını xalqların həmrəyliyi, dini zəmində qarşıdurma hallarının aradan qaldırılması, millətlər, sivilizasiyalar arasında münasibətlər sisteminin xeyirxah məqsədlər naminə istiqamətləndirilməsi kimi mühüm amillər təşkil edir. Azərbaycanın bu sahədəki təcrübəsinin müsbət nəticələri forumlarda yüksək qiymətləndirilərək özünü təcrid, ayrı-seçkilik hallarına qarşı birgə mübarizənin əhəmiyyəti açıqlanır, risklər doğuran təhlükələrlə bağlı ümumi rəylər öyrənilir,  faydalı təşəbbüs və təkliflər nəzərə çatdırılır.

“Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə, dünya daha çox təhlükələrə məruz qalacaqdır” söyləyən Prezident İlham Əliyev bildirir ki, Azərbaycan yeganə ölkələrdən sayılır ki, çoxmillətli, çoxkonfessiyalı ölkə kimi respublikada məskunlaşan bütün etnik qrup və dinlərin nümayəndələri sülh və bərabərlik şəraitində yaşayırlar. Dünyanın ən qədim dini abidələrindən olan Cümə məscidi Şamaxıda yerləşir. Ən qədim, Qafqaz Albaniyası dövləti dövrünə aid kilsə Şəkidə yerləşir. Atəşgah Məbədinin də ölkəmizdə qorunub saxlanılması təsdiqləyir ki,  Azərbaycan tarixən müxtəlif dinlərə və konfessiyalara məxsus insanların birgə yaşayış məskəni olmuşdur. Azərbaycanda məscid, kilsə və sinaqoqlar dövlət tərəfindən qorunur. Onların bir çoxunun dövlətin maliyyə dəstəyi ilə inşa olunması Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin nümunəsidir.

“Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur” söyləyən dövlət başçımız onu da vurğulayır ki,  mədəniyyətlərarası dialoq forumunun təşkili tariximizə hörmət , reallığımızın təbliği üçün geniş formatın yaradılması istəyindən qaynaqlanır.

Forumda qeyd olunduğu kimi, münaqişə və müharibələrin törətdiyi dəhşətlərin artdığı, dünyanın müxtəlif yerlərində müxtəlif din və etnik qruplar arasındakı münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin gücləndiyi indiki dövrdə bu cür tədbirlərin keçirilməsi dünyada sabitliyin təminatı baxımından çox əhəmiyyətlidir.

Miqrantlara qarşı ədalətsiz münasibətini göstərən Avropa ölkələrində multikulturalizmə münasibət fərqli olsa da səylərin birləşdirilməsi ilə dünyada multikulturalizmə alternativin olmadığını sübut etmək mümkündür. Son illərdə dünyada, Şərq ölkələrində baş verən hadisələr də təsdiqlədi ki,  multikulturalizmin alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycanın təşəbbüsü ilə hər il keçirilən, “ beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən “Bakı prosesi” də multikultural dəyərlərə sadiqliyin ifadəsidir.

“Gələn il biz “Bakı prosesi””nin 10-cu ildönümünü qeyd edəcəyik. Azərbaycan Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı Prosesi Mükafatı””nın təsis edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim ediləcəkdir” söyləyən Prezident İlham Əliyev eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsini müxtəlif xalqlar arasında dostluq və birliyin formulu kimi dəyərləndirir.

Forumda insanların kütləvi qətli , faciələrlə nəticələnən terrora qarşı mübarizənin vacibliyindən danışıldı. Vurğulandı ki,

İslam aləminin ayrılmaz parçası olan, İslami dəyərlərə sadiqliyini əməli ilə sübut edən Azərbaycan terrorçuluğa, islamofobiyaya qarşı mübarizədə də öz sözünü deyən ölkələrdəndir. Artıq uzun illərdir ki, erməni terrorçularının cinayətlərinin dəhşətlərini,  Xocalı soyqırımının ağrı-acısını yaşayan Azərbaycan başqa dövlətlərdə də qanlı əməllər törədən ekstremist, radikal, silahlı qruplara qarşı mübarizənin önündə gedir.

“Bakıda, şəhərin mərkəzində erməni kilsəsi yerləşir və biz onu təmir etmişik. Ermənistan isə işğal olunmuş ərazilərdə bizim tarixi və dini irsimizi məhv edib” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün bütün imkanlardan istifadə edən Azərbaycan sülhsevər missiyasını davam etdirir. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı  beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi, tətbiq olunan ikili standartlar, ölkəmizə qarşı ədalətsiz münasibət diplomatiyada icra mexanizminin səmərəsizliyini göstərir.

Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit, tolerant, beynəlxalq birliyin sayılıb , seçilən, dünya hadisələrinə təsir imkanları artan qüdrətli ölkədir.

Bir neçə il bundan əvvəl dünyanın 155 dövlətinin səsverməsi ilə Şərqi Avropanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv kimi təmsil edən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü olmaqla Avropa İttifaqının 9 üzvü ilə imzalanan strarateji tərəfdaşlıq haqqında sənədlərə hörmətlə yanaşır. Respublikamızın təşəbbüsü ilə reallaşan nəhəng enerji layihələri iştirakçı dövlətlərin iqtisadi inkişafına yardım edir.

7 ölkəni birləşdirəcək “Cənub Qaz Dəhlizi”” layihəsi regionun, Mərkəzi və Cənubi Avropanın bir çox ölkələrinin  enerji təhlükəsizliyini təmin edəcək. Prezident İlham Əliyevin “Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və enerji əməkdaşlığı layihəsidir. Çünki bizim bütün enerji və nəqliyyat layihələrində iştirak edən ölkələr təbii tərəfdaşlara çevrilir və burada birgə qarşılıqlı bağlılıq yaranır. Qarşılıqlı bağlılıq isə iqtisadi əməkdaşlıq və qarşılıqlı hörmət üçün ən vacib amillərdəndir” sözləri də təsdiqləyir ki, Azərbaycan tərəfindən irəli sürülmüş nəqliyyat və enerji layihələri inkişaf və firavanlığı təmin etməklə beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqa yönələn sərmayədir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan hər kəs dəyərli vətəndaşdır. 2009-cu ildə Bakının “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması, 2018-ci ildə bu şans üçün Azərbaycanın ayrılmaz və qədim tarixə malik Naxçıvan şəhərinin seçilməsi bəşəri dəyərlərə sadiq ölkəmizin tarixi , mədəni inkişafının göstəricisidir.

Xuraman İsmayılqızı, “İki sahil”