28 may 2024 08:05
347

Müstəqilliyimiz milli sərvətimizdir

Azərbaycan Xalq Cümhuriyyəti-106

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi kimi, mühüm vəzifələri qarşılarına məqsəd qoyan Cümhuriyyətin fədailəri keşməkeşli bu yolda çox çətinliklərin öhdəsindən gələ bilmişlər. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində AXC-nin qurucularının– Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Şərqdə ilk demokratik respublika olan AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk dövrdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması vəzifələri AXC hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Yarandığı gündən Azərbaycanın milli dövlətçiliyini formalaşdıran, xalqın sosial və mənəvi tərəqqi yolu ilə irəliləməsinə, milli özünüdərk şüurunun yetişməsinə, yüksəlməsinə, dünya sivlizasiyasına qovuşmasına şərait yaradan hökumət üzvləri müəyyən mənada istəklərinə nail oldular. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan yaratmışdı. Sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi.

Azərbaycan Milli Şurasının 26 noyabr 1918-ci ildə keçirilən iclasında da müstəqilliyimiz barədə məlumat vermək, bu ideyanın dəstəklənməsinə nail olmaq üçün Avropa dövlətlərinə göndərilən parlament nümayəndə heyəti barədə Əsasnamə layihəsinin izahat vərəqəsində qeyd olunurdu ki, Azərbaycan Respublikasının taleyi bütünlükdə yalnız ölkə daxilindəki, real qüvvələrin miqyasından və siyasi qüvvələrin biri-birinə münasibətindən asılı olmadığından respublikanın müstəqil siyasi vahid kimi mövcudluğu məsələsinin qəti həlli bizim öz siyasi və tarixi imkanlarımızı Avropaya nə dərəcədə sübut edə biləcəyimizdən asılı olacaqdır. Başqa dövlətlərə göndəriləcək nümayəndə heyətinin əsas məqsədi isə ölkəmizin siyasi müstəqilliyini müdafiə etmək, Amerikanın və Avropa ölkələrinin ictimai rəyini Sülh konfransında Azərbaycanın müstəqilliyinin tanınması üçün ən əlverişli istiqamətə yönəltməkdir.

Xalqın səsvermə yolu ilə seçdiyi Azərbaycan Müsəlman Milli Şurasının müraciətində deyilirdi: « İndən belə Azərbaycan xalqları suverenlik hüquqlarının daşıyıcılarıdır, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan isə tamhüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluşunun forması kimi demokratik respublika yaradılır. Yaradılmış respublikanın adındakı « demokratik» sözü əsas məqsəd deyildi və o dövrün siyasi cərəyanlarına hörmət xatirinə yazılmamışdı. Bu söz yeni dövlət qurumunun məğzini əks etdirirdi.»

Azərbaycanın müstəqilliyini elan etməsi barədə məlumatın mətni mayın 30-da radio və teleqraf vasitəsilə dünyanın bütün əsas, siyasi mərkəzlərinə- Konstantinapola ( İstanbula), Berlinə, Vyanaya, Parisə , Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Kiyevə, Kopenhagenə və Tokioya çatdırıldı : « Xarici İşlər Nazirinə. Gürcüstan Zaqafqaziya Federativ Respublikasının tərkibindən çıxandan sonra onun parçalanması ilə əlaqədar Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycanın müstəqilliyini elan etmiş və Azərbaycan Respublikası yaratmışdır. Şərh etdiyimiz məsələ barədə məlumat verərək Ali həzrətlərinizdən xahiş edirəm, bu barədə sizin hökumətə xəbər verəsiniz.»

Göründüyü kimi, qısa müddət yaşasa da müstəqilliyimizin əbədiliyi naminə bütün vasitələrdən istifadə edən AXC-nin səylərinə baxmayaraq düşmənlərimiz arxadan zərbə vurmaq planlarını hazırlayırdı. İşğalçılıq buxovunu Azərbaycana uzadan Rusiya imperiyası, sonra başqa millətləri kölə hesab edən bolşeviklər Azərbaycan xalqının da arzu və istəklərini qırmızı ordunun tökdüyü qanlar içərisində boğdu. 1918-ci ilin 31 martında törətdiklər soyqırımlarla minlərlə azərbaycanlını qətlə yetirən, tarixdə görünməyən qırğınlar törədən rus- erməni alaylarının vəhşiləri qətliamlara başçılıq edən qaniçən Stepan Şaumyanın « Azərbaycanın müstəqil bir dövlət olmasını istəyən milliyyətçilər sonunda xarabalar tapacaqlar» əmrlərini yerinə yetirdilər. Məhz o illərdə də erməni daşnaklarına kömək edən çar Rusiyası və Antanta dövlətləri Azərbaycanın müstəqilliyini müdafiə edəcəkləri vədlərinə xilaf çıxaraq əslində Ermənistanın ilhaqçılıq planlarının həyata keçirilməsinə şərait yaradırdılar. İngilis hökuməti könüllülər ordusunun komandanı general Denikin Azərbaycan xalqını əsarət altına almaq cəhdlərində Rusiyanın o zamankı xarici işlər naziri G. Çiçerin «Antantanın agenti» adlandırılan Andranikdən vasitə kimi istifadə edirdi. Hələ o illərdə «Xalqa nə verdiniz» sualını cavablandıran Məhəmməd Əmin Rəsulzadə demişdir: «Çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq.»

Azadlıq istəyi AXC-nin İstiqlal Bəyannaməsində də qeyd olunurdu: «Bütün azadlıqlardan uca tutduğumuz ən qiymətli azadlıq bizim müstəqilliyimzdir. Biz onu göz bəbəyi kim qoruyacağıq.» Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanda ilk demokratik respublikanın yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadəsi olmuşdur. «Ancaq Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Bir tərəfdən Rusiyada bolşevik hakimiyyəti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək Azərbaycana yönəlmişdi, respublikamızın daxilində o cəhdləri dəstəkləyən qüvvələr onunla birləşmişdi. Onlarla yanaşı olaraq, Azərbaycan Demokratik Respublikasının hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu demokratik respublikanın ləğv olunmasına gətirib çıxarmışdı.»

Azərbaycanın bir dövlət kimi varlığını, müstəqilliyini, dövlətçiliyini qorumağın müqəddəsliyini «Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözləri ilə bildirən müdrik şəxsiyyət Heydər Əliyev Ümummilli Lider kimi bu vəzifəni layiqincə davam etdirdi. Müasir, müstəqil Azərbaycanın qurucusu adını qazanmaqla təsdiqlədi. «Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır» müdrik kəlamın müəllifi, Azərbaycan xalqının milli təfəkkürünün oyanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə baş verən hadisələri, müstəqillik yolunda fədakarlıq göstərənlərin xidmətlərini «Biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə görə Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır» sözləri ilə dəyərləndirmişdir.

Eyni münasibəti «Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır» sözləri ilə ifadə edən, azadılq fədailərinin xatirəsinə hörmət və etiramın ifadəsi kimi Bakının mərkəzində «İstiqlal Bəyannaməsi»ni imzalayanların şərəfinə abidə ucaldılması ilə təsdiqləyən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalamaqla milli müstəqilliyimizin tarixi nailiyyətimiz olduğunu bu sözləri ilə də təsdiqlədi: «XX əsrin əvvəlində dövlətçiliyimizin qısa tarixi olub. Həmin vaxt Azərbaycan Rusiya imperiyasının süqutu nəticəsində müstəqilliyini qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki, bu kiçik bir dövr idi, lakin bir çox islahatları həyata keçirmək mümkün oldu. Bunlar müasir, müstəqil Azərbaycanın inkişafı üçün zəmin yaratdı. Bu islahatlardan biri qadınlara seçib-seçilmək hüququnun verilməsi oldu.»

28 may 1919-cu ildə N.Usubbəyovun imzaladığı, hökumət adından ölkə vətəndaşlarına müraciətində deyilirdi: «Azərbaycan vətəndaşları! Qoy mayın 28- i böyük ümumxalq sevinci günü olsun. Bu gün millətindən asılı olmayaraq bütün vətəndaşlar özlərini tamhüquqlu vətəndaşlar hesab etməlidirlər. Qoy bu gün dünya xalqlarının yüksək milli amallarını və ədalətli hüquqlarının təntənəsi günü olsun.» Bu sözlər Prezident İlham Əliyevin müstəqil Azərbaycanın müasir dövrü üçün xarakterik olan «Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər» ifadələri ilə eynilik təşkil edir.

İkinci Qarabağ müharibəsindəki Zəfərimiz AXC qurucularının müstəqil Azərbaycan naminə çəkdikləri zəhmətin, ideyalarının reallaşması idi. 44 gün davam edən Vətən müharibəsindəki Qələbəmizlə, 23 saatlıq antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə 23 ay yaşayan Cümhuriyyət fədailərinin istəklərini doğruldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev varisilik ənənələrini qətiyyəti, siyasi iradəsi, dünyada artan nüfuzu ilə təsdiqlədi. Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyevin «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri eyni zamanda AXC qurucularının müstəqillik ideyalarına sadiqlik rəmzi idi.

Ərazicə kiçik olsa da, dünyada qazandığı etibar və etimadı ilə süpergüclərlə eyni səviyyədə dayanan ölkəmizi söz sahibliyi zirvəsinə qaldıran Prezident İlham Əliyevin zəfər diplomatiyasının uğurları kimi, coğrafiyasının hüdudları da genişlənir. Dövlət başçımızın ikitərəfli və çoxtərəfli xarici siyasətinin, təşəbbüskarı olduğu qlobal layihələrin beynəlxalq səviyyədə dəstəklənməsinin, ölkəmizə artan marağın məntiqi nəticəsi respublikamız haqqında söylənilən «Narahat dünyamızda Azərbaycan kimi dövlətlərin çalışmalarına ehtiyac var» deyimidir. Regional və qlobal miqyasda müstəqil siyasət yürüdən, etibarlı və güclü bir dövlət kimi ölkəmizin söz sahibliyini siyasi iradəsi, qüdrəti ilə təsdiqləyən Prezident İlham Əliyevin Liderliyi sayəsində Müstəqillik Günü ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində qeyd olunur, Dövlət Bayrağımız Ermənistanın işğalından azad olunan şəhər və kəndlərdə, yüksək zirvələrdə dalğalanır. Ölkəmizin dünyanın enerji və nəqliyyat xərtəsinin dəyişməsi reallığının beynəlxalq səviyyədə dəstəklənməsi müstəqilliyimizin məntiqi nəticəsidir. Türk Dövlətləri Təşkilatına (TDT), Qoşulmama Hərəkatına (QH) və digər mühüm qurumlara sədrliyi müddətində həyata keçirdiyi yeniliklərlə də Azərbaycanı dünyada multikultural dəyərlərə sadiq tolerant dövlət kimi tanıdan Prezident İlham Əliyev ölkəmizi «yaşıl enerji», alternativ enereji məkanı kimi də tanıdır. Bu il COP29-a ev sahibliyimiz və bu istiqamətdə görülən işlər, bərpaolunan enerji sahəsində atılan mühüm addımlar, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməkdə olan «ağıllı şəhər»” və «ağıllı kənd»” konsepsiyası, «xalis sıfır emissiya” zonası» və «yaşıl enerji»” layihələrinin icrası günümüzün reallığıdır.

Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevrən, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının, Orta Dəhliz layihəsinin üzərində yerləşən, Avropa İttifaqının əsas enerji mənbəyi kimi qitə dövlətləri ilə strateji əməkdaşlıq sazişi imzalayan, İtaliya, Macarıstan, Rumıniya, Bolqarıstan, Polşa və Baltikyanı ölkələrlə əlaqələrini qarşılıqlı etimad əsasında davam etdirən Azərbaycanın diplomatik uğurları Prezident İlham Əliyevin dəstəklənən güclü siyasi iradəsinin məntiqi nəticəsidir. « Dünya özünün qəbul etdiyi dayanıqlı inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Dünyanı bürümüş pandemiyadan yenicə çıxdığımız dövrdə növbəti belə hadisəyə hazır olmaq üçün heç bir dərs götürmədik. Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Lakin biz, eyni zamanda, elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasındayıq. Süni zəka hazırda hər şeyə təsir göstərir» sözləri ilə ümumi evimiz olan dünyamızın sülhə, sabitliyə daha çox ehtiyac duyduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin qlobal proseslərə təsiretmə imkanları daha da artır.

Dünya xalqlarını narahat edən aktual problemlərin müzakirə olunduğu mühüm tədbirlərdə haqqın-ədalətin qoruyucusu, azsaylı xalqların müstəqillik istəklərini boğan neokolonializm siyasətinin yaratdığı zorakılığa, müstəmləkəçiliyə qarşı mübarizliyi ilə tanınan Prezident İlham Əliyevin çağırışlarının beynəlxalq səviyyədə dəstəklənməsi Azərbaycanı dünyada tanıtmaq üçün hər cür çətinliklərə, əziyyətlərə sinə gərən Azərbaycan Xalq Cümhuriyyəti cəfakeşlərinin ideyalarına sadiqlik rəmzidir.

Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil. Xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu deyim o qədər də xas deyil. «Dünyada 200-dən çox ölkə var. Onların hamısı müstəqildir. Ancaq bir çox hallarda bu müstəqillik ya yarımçıqdır, ya da şərti xarakter daşıyır. Biz isə sözün əsl mənasında müstəqil dövlətik, bununla fəxr edirik, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir» sözləri ilə müstəqilliyimizin, suverenliyimizin əbədi təminatçısı olan Prezident İlham Əliyev tarixi xidmətləri ilə varislik ənənələrinə sadiqliyini təsdiqləyir.

Xuraman İsmayılqızı, «İki sahil»